Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin sədrliyi ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi üzrə Komissiya”nın növbəti iclası baş tutub.
İclasda 2025-ci il üçün təsdiqlənmiş əmək miqrasiyası kvotasından istifadə vəziyyəti nəzərdən keçirilib, həmçinin 2026-cı il üçün hazırlanmış yeni kvota təklifləri aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya üzvləri ilə geniş müzakirə olunub.
Nazir Anar Əliyev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nəticəsi olaraq əmək bazarında davamlı inkişafın müşahidə olunduğunu bildirib. O qeyd edib ki, işəgötürənlərin müasir peşə və ixtisaslara malik kadrlara tələbi, iqtisadiyyatın çoxsahəliliyi və əmək bazarına dair proqnozlar nəzərə alınaraq 2026-cı il üçün kvota təklifləri hazırlanıb.
Bildirilib ki, hər il ölkə əmək bazarına daha çox ixtisaslı kadr daxil olur, işçi qüvvəsinin bacarıqları və rəqabət qabiliyyəti artırılır. Bu səbəbdən, işçi tələbatının əsasən yerli əmək ehtiyatları hesabına ödənilməsi prioritet olaraq qalır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti-quruculuq işləri və bərpa olunan enerji sahəsində icra edilən yeni layihələr yüksək ixtisaslı mütəxəssislərə tələbatı artırır.
İclasda həm 2026-cı il üçün kvota təklifləri, həm də 2025-ci il kvotasına nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflər müzakirə olunub. Bu təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

