Noyabrın 21-də Lənkəranda 5 saylı uşaq evinin əsaslı təmirdən sonra yenilənmiş binası istifadəyə verilib. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Məlumata görə, 1941-ci ildən fəaliyyət göstərən uşaq evi uzun illər ərzində köhnəlmiş, binanın texniki vəziyyəti istifadəyə yararsız hala düşmüşdü. 2024-cü ildə aparılan genişmiqyaslı əsaslı təmir nəticəsində sosial xidmət müəssisəsi tamamilə yenilənərək müasir standartlara uyğunlaşdırılıb.
Yenidən qurulan kompleks 1 və 2 mərtəbəli, ümumilikdə 5 korpusdan ibarətdir. Burada kiçik və böyük yaş qrupları olmaqla 120 uşaq üçün geniş və rahat mühit yaradılıb. Tədris və inkişaf məqsədilə sinif otaqları, informatika kabineti, tikiş və xalçaçılıq emalatxanaları, rəqs və musiqi otaqları istifadəyə verilib. Fənn kabinetləri müasir əyani vəsaitlərlə təmin edilib.
Sosial xidmət müəssisəsində istirahət otaqları, tibb məntəqəsi, kitabxana, oxu zalı, yeməkxana, geniş akt və idman zalları inşa olunub. Açıq idman meydançası və uşaqlar üçün oyun attraksionları ilə təchiz edilmiş xüsusi ərazi də qurulub.
Bundan əlavə, uşaq evinin həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri aparılaraq kompleks tamamilə yenilənmiş infrastruktura qovuşub.
Açılış tədbiri müəssisənin regionda sosial xidmət sahəsinin səviyyəsinin yüksəldilməsinə mühüm töhfə kimi qiymətləndirilib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

