Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 21-də Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi Dorin Boqdan-Martin ilə görüş keçirib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Bakıda təşkil olunan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının regional miqyasda mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə məhz Azərbaycanda keçirilən tədbirə 2500-dən çox mütəxəssis qatılıb.

Həmçinin konfrans çərçivəsində Bakıda ITU-nun Regional Akselerasiya Mərkəzinin açılması yüksək qiymətləndirilib. Bu Mərkəzin regionda innovasiya, startap ekosistemi və sahibkarlıq sahəsində əsas platformaya çevriləcəyi bildirilib.

Görüş zamanı Azərbaycanda İKT sektorunun inkişafı, rəqəmsal infrastrukturun genişləndirilməsi, süni intellekt və biliklər iqtisadiyyatının dəstəklənməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər müzakirə olunub. Baş nazir qeyd edib ki, Prezident İlham Əliyev ölkədə İKT sektorunu prioritet sahə elan edib, bu il isə Rəqəmsal İnkişaf Konsepsiyası və 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası təsdiqlənib.

Azərbaycanda genişzolaqlı internetin 100 faiz əhatə dairəsinə çatması ölkənin regional liderliyinin əsas göstəricisi kimi vurğulanıb. Eyni zamanda “ağıllı şəhər” və “ağıllı kənd” modellərinin işğaldan azad olunmuş ərazilərdə geniş tətbiqi barədə məlumat verilib.

Tərəflər rəqəmsal transformasiya, kibertəhlükəsizlik, elektron hökumət və digər istiqamətlərdə əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər. ITU-nun rəqəmsal idarəetmə və rəqəmsal bacarıqların artırılması sahəsində beynəlxalq təcrübəsinin Azərbaycan üçün mühüm töhfə verəcəyi qeyd olunub.

Görüşdə həmçinin Azərbaycanın ITU-nun rəhbər orqanlarında təmsilçiliyinin genişləndirilməsi, ölkənin Şura üzvlüyünün növbəti müddətə uzadılması və ikitərəfli əməkdaşlıq gündəliyindəki digər məsələlər müzakirə edilib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir