Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 20 noyabr tarixli iclasında millət vəkili, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı çıxış edib.
Deputat bildirib ki, təqdim olunan büdcə layihəsi bir daha təsdiq edir: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və təhlükəsizliyi dayanır. Onun sözlərinə görə, sosial yönümlü büdcə iqtisadi dayanıqlığı və strateji prioritetləri ilə dövlətin uzunmüddətli inkişaf xəttini əks etdirir.
Günay Ağamalı qeyd edib ki, Prezident İlham Əliyevin ardıcıl və sistemli islahatları nəticəsində ölkənin daxili siyasəti yeni mərhələyə qədəm qoyub. Növbəti ilin büdcəsi sosial rifahın yüksəldilməsi, iqtisadi dinamizmin təmin olunması və milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından strateji sənəd kimi dəyərləndirilib. Deputat işsizliyin azaldılması, sosial müdafiənin gücləndirilməsi, minimum əməkhaqqı, pensiya və müavinətlərin artırılmasının dövlətin vətəndaşına verdiyi dəyərin real göstəricisi olduğunu vurğulayıb.
Millət vəkilinin çıxışında ölkə üzrə sürətli inkişafın, qeyri-neft sektorunun genişlənməsinin, yeni sənaye zonalarının yaradılmasının, kənd təsərrüfatında modern yanaşmaların tətbiqinin və rəqəmsal transformasiya istiqamətində atılan addımların iqtisadiyyata yeni dinamika gətirdiyi bildirib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, enerji stansiyalarının tikintisi və yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması ölkənin sosial-iqtisadi sistemini daha yüksək mərhələyə yüksəltdiyi diqqətə çatdırılıb.
Günay Ağamalı çıxışında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyasının Prezident İlham Əliyev tərəfindən müasir formatda daha geniş miqyasda davam etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu model Azərbaycanın gələcək illərdə daha güclü və rəqabətqabiliyyətli dövlətə çevriləcəyini göstərir.
Sonda deputat seçildiyi 65 saylı Salyan–Biləsuvar–Neftçala seçki dairəsi adından dövlət başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də vətəndaş müraciətlərinə həssas yanaşan dövlət qurumlarına təşəkkürünü bildirib. O, büdcənin hazırlanmasında əməyi olanlara minnətdarlığını ifadə edib.
Deputat çıxışını “Diqqətinizə görə təşəkkür edirəm” sözləri ilə tamamlayıb.
Ülkər Tahirqızı
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

