Hər uğurlu kitab bir tarixdir! Tariximizi əks etdirən uğurlu kitab isə tarixlə bərabər, ədəbiyyat, milli-mənəvi dəyərləri yaşadan, inkişaf etdirən bədii abidədir, – Fəridə Mirişovanin yeni çapdan çıxmış “Çoban Məhəmməd və Səlvi Xuraman dastanı” kimi!
Müəllif Qərbi Azərbaycan musiqi irsinin izinə düşərək oxucuları ilə daha bir görüşünə gəlib. Niyə bir daha? Çünki bu nəşr peşəkar musiqişünas, eyni zamanda istedadlı qələm sahibi Fəridə Mirişovanin Qərbi Azərbaycan musiqisinə həsr etdyi, peşəkar aşıqların, sadə camaatın dilində əzbər olaraq yayılan, indi həsrət qaldığımız doğma obalarımızın bayram, el-oba şənliklərini və toy mağarlarını bəzəyən el havalarını, folklor nümunələrini toplayaraq üzə çıxardığı ikinci kitabdır.

Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurasının qərarı ilə təsdiqlənmiş kitabın redaktoru sənətşünaslıq üzrə elmlər doktoru professor İradə Köçərli, rəyçilər sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Bənövşə Rzayeva və Kəmalə Atakişiyevadır. Bu, onu deməyə əsas verir ki, bu samballı nəşr peşəkar kollektivin birgə səyinin və əməyinin məhsuludur.
“İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə hazırlanan kitab Azərbaycan Respublikası Qeyri Hökumət Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib. Mətnlər Rövşən Məmmədli tərəfindən ingilis dilinə çevrilib.
Atatürk Mərkəzində təqdimatına gələnlərin sayı dairəvi masanı doldurmağa yetərli sayda olsa da, kitabın əhəmiyyətini, dəyərini heç də adamlarla dolu, səslü-küylü salonlarla müqayisə etmədən, vurğulamaq lazımdır ki, bu tədbirə qatılanlar mövzu ilə sırf maraqlananlar idilər və ürəklərinin səsi ilə nəyə və niyə gəldiklərini gümanlı təşrif buyurmudular, yanılmadılar da! Bu mənada, müəllifi və yaradıcı heyəti təbrik etmək olar.
Tədbiri giriş sözü ilə açan müəllif dastanların əsrlər boyu xalq yaradıcılığının ən dəyərli sahələrindən biri olduğuna eyham vuraraq, təqdim olunan şifahi folklor nümunəsinin məhz Qərbi Azərbaycan aşıq mühitinə məxsus olduğunu bildirdi. Bu kitabın gələcək tədqiqatlar üçün də geniş meydan açacağına inamını ifadə edən Fəridə Mirişova toplaşanları açıq müzakirəyə dəvət etdi və qeyd edək ki, söylənən fikirlər, təklif və rəylər görülən işin, sərf olunan vaxtın və enerjinin hədər getmədiyinə əsas verirdi.
Mətbuata açıqlamalarının birində “Məqsədim bütün Qərbi Azərbaycandakı türk izlərini pasportlaşdırmaqdır” deyən tanınmış tədqiqatçı-alim jurnalist, yazıçı, tənqidçi Nazir Əhmədli elə tədbir zamanı vərəqlədiyi kitabdan nəinki dastan barədə fikirlərini bir daha dəqiqləşdirdiyinə, yeni faktlar və maraqlı epizodlara görə müəllifə dərin minnətdarlığını bildirdi. Çəkilən zəhmətin Azərbaycan milli-mənəvi dəyərlərinin dünyaya tanıdılmasında mühüm rol oynayacağını vurğuladı.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Atakişiyeva “Çoban Məhəmməd və Səlvi Xuraman” dastanının təkcə nəzm və poetik mətnini deyil, həm də ifa olunan havaların nota alınmasını xüsusi qeyd etdi və bunun Qərbi Azərbaycan musiqi irsinin qorunması baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı.
Aşıq Ələsgər ocağı ictimai birliyinin sədri Xətai Ələsgərli Aşıq Əısəsgərin qardaşı olan Çoban Məhəmməd haqqında bəzi bilgilər verdi və məhz bu dastana müraciət etdikləri üçün müəllifə təşəkkür etdi
“Vətəndaşların sosial rifahı naminə”ictimai birliyinin sədri İradə Rzazadə isə qeyd etdi ki, bu kitab Qərbi Azərbaycan mədəni irsinin yaşadılmasında xüsusi yer tutur və həm Azərbaycan, həm də ingilis dillərində nəşr edilməsi sayəsində mövzu beynəlxalq müstəvidə də tanıdılmağa töhfə verəcək.
Yeni nəşrin maraqlı tərtib sistemi də diqqətəlayiqdir. Müəllif Azərbaycan dastançılıq ənənələrinə, elmi-nəzəri əsaslarına, tarixi köklərinə və inkişafına elmi-texniki tərəqqi, islam mədəniyyəti prizmalarından yanaşaraq bu janrın struktur və poetik xüsusiyyətlərini oxucuya bir daha tanıdır.
Aşıq Fətulla Göyçəlinin və Aşıq Saleh Tağıyevin ifalarında yazıya alınmış “Çoban Məhəmməd və Səlvi Xuraman” dastanına yeni həyat verən Fəridə Mirişova xalqın dilində əzbər olmuş aşıq havalarını da unutmur. Xalq yaradıcılığı nümunələrinin nota salınması Fəridə xanımın bu sahaəyə ürəkdən bağlandığına, xüsusilə dövrümüzdə daha aktual olan Qərbi Azərbaycan musiqisini tədqiq etmək, yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün səylərini əsirgəmədiyinə dəlalət edir. Bu yolda ona uğurlar diləyirik!
Mahir Cavadlı,
AMEA Folklor İnstitutu,
yazıçı-jurnalist
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

