Elə səslər var ki, insanın qəlbinə toxunur, sanki gözəgörünməz varlığın nəfəsini daşıyır. Hər pıçıltısında bir ayə gizlənir, hər titrəyişində bir həyat hekayəsi danışılır. Belə səslər unudulmur, onlar ruhun dərin qatlarına hopur, orada yuva qurur.
Həmin səs sahiblərindən biri də illər dəyişsə də, səsinin sehrini aça bilmədiyi, pərqu səsli Eldost Bayramdır. Onu dinləyəndə sanki qəlbindəki tozlu pəncərələr açılır, içəri işıq seli dolur.
Onun səsində bir istilik, bir təmizlik, bir səmimiyyət var. O, şeir deyəndə, sanki dağların başında yel əsir, həzin meh vurur dinləyicini, sanki bir məsum uşaq yuxusundan oyanır, bir ata xeyir- dua edir…
Respublikanın xalq artisti Eldost Bayram haqqında zaman-zaman xoş sözlər deyilib, yazılıb. Amma mən də istədim ki, düşündüyümü yazım. Çünki onun səsində, onun sözündə insanı çəkən bir doğmalıq, bir ruh istiliyi var. O səs elə bil yaddaşın dərin qatlarından gəlir. O səsdə kənd axşamlarının, odun sobasının istisi var, nənələrin dua dolu pıçıltısı var. Bu səs insanı saflığıa, təbiətin qucağına aparır…
Eldost Bayram sadəcə bir sənətkar deyil, o, ruhu ilə danışan, hissi ilə oxuyan bir insandır. Necə gözəl deyir:
” Ünvanına qurban olum…”
Onun dilində hər bir söz canlanır, hər bir misra nəfəs alır. Dinlədikcə adamın içində qərib bir sakitlik, eyni zamanda da bir sızıltı yaranır, doğmalığın, unudulmazlığın sızıltısı…
Və, bəzən bir səs insanı ovundura, bəzən də yandırıb-yaxa bilər. Amma Eldost Bayramın səsi insanın içindəki qarışıqlığı dincliyə çevirir. Onu dinlədikcə elə bil, pəmbə buludların üstündə gəzirsən, ruhun dincəlir, cismin unudulur.
Bəli, sehrli səslər bir möcüzədir, kiminsə göz yaşını qurutmağa, kiminsə qəlbini ovundurmağa, kiminsə mürgülü xatirələrini oyandırmağa qadirdir.
Eldost Bayramın səsi isə həmin möcüzənin canlı sübutudur, Onun söylədiyi şeir deyil, ruhlara oxunan bir duadır…
Ps- Mən bu yaşıma kimi, cəmi bir dəfə bir tərdbirdə uzaqdan görmüşəm, Xalqın sevilən sənətkarıq Eldost Bayramı. Amma çox illər əvvəldən efirlərdən tanıyıb, səsinin heyranı olmuşam…
Əfşan Yusifqızı
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

