Azərbaycan Bəstəkarlar İttifaqında dahi Bəstəkar Üzeyir Hacıbəylinin 100 illik xatirəsinə həsr olunmuş konsert keçirilib. Səslənən yeni yaradıcılıq nümunələrindən “Son uçuş” mahnısı da alqışlarla qarşılanıb.
Zəngilan ədəbi mühitinin sədası bu gün Azərbaycan ədəbiyyatının və musiqi həyatının müxtəlif mədəni koordinatlarında öz əks-sədasını tapmaqdadır. Bu proses bölgələrdə ədəbiyyatın inkişaf trayektoriyasını ortaya qoymaqla yanaşı, onun ümumazərbaycan ədəbi sistemindəki funksional yerini də müəyyənləşdirir. Zəngilan yazıçı və şairlərinin yaradıcılığı artıq həm regional, həm də milli ədəbi diskursun ayrılmaz komponentinə çevrilmişdir. Bu mühitin aparıcı nümayəndələrindən Mahir Cavadlı poetik konsepsiyası, intellektual duyumu və estetik mövqeyi ilə seçilir. Onun misralarında insan taleyi, sevgi və ayrılıq kimi universal semantik motivlər emosional və intellektual sintez şəklində ifadə olunur və vahid emosional axarda birləşir. Cavadlı qardaşlarının qələmindən çıxan əsərlər Zəngilan bədii yaddaşının diriliyini qoruyub saxlamaqla yanaşı, regionun ədəbi, mədəni, ictimai fəaliyyətini rövnəqləndirən bir ocaq rolunu oynayır. Mahir Cavadlı isə o ailənin həssas poetik səsini təmsil edir. Onun poetik dünyası təbiiliklə dərin düşüncənin üzvi vəhdətindən yaranıb.
Hərdən gözlərində sevgi odu var,
Qəlbimi yandırıb-yaxmaq istəyir.
Hərdən baxışların soyuq lay divar,
Donur gözlərinə baxmaq istəyim.
İncidir qəlbimi bu hərdən, hərdən,
Əbədi məşəl ol, yanım oduna.
Demirəm mənlə ol hər saat, hər dəm,
Ancaq hərdən-hərdən salma yadına.
Bu kimi yaradıcılıq nümunələri adını çoxdan həkk etdirib çağdaş ədəbiyyatımıza. Onun qələmində həm insan münasibətlərinin psixoloji qatları, həm də səmimi hisslərin sadə və dərin poetik ifadəsi duyulur. M.Cavadlının publisistikası, poemaları, nəsr və şeirləri hər zaman müasirdir və oxunaqlıdır, çünki ürəkdən yazılır, istedadla yoğrulur, dəfələrlə müəllifin ciddi redaksiyasına məruz qalır. Şeirləri o qədər rəvan və axıcıdır ki, sanki bəstəyə çevrilmək üçün yazılıb; hər bənddə, hər misrada musiqinin nəfəsi hiss olunur.
Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Mehriban Əhmədovanın şair Mahir Cavadlının “Hökumə” adlı poemadan seçərək notlara düzdüyü “Son uçuş” mahnısı günümüzün reallığında həm bədii, həm də mənəvi, eyni zamanda milli mənada böyük əhəmiyyət daşıyır. Əsər Aktau yaxınlığında törədilən faciə nəticəsində həlak olmuş qəhrəman pilotların əziz xatirəsinə ithaf olunub. Azərbaycan musiqisində bu istiqamətdə bir sıra əsərlər var ki, onlar yaddaşın səsi, xalqın qüruru və şəhidliyin poetik simvoludur. Ümumiyyətlə, xalqın tarixində iz qoyan hadisələr incəsənətə təsirsiz ötüşmür. “Son uçuş” da bu sırada öz layiqli yerini alır. “Son uçuş” sadəcə ədəbi mətn kimi deyil, həm də musiqi üçün doğulmuş bir poetik çağırış kimi dəyərləndirilə bilər. Bəli, “Son uçuş” poetik çağırışdır – sözlərin ritmi və mənası musiqi xəttində öz təzahürünü tapmağa can atır. Bu çağırışa cavab verən bəstəkar Mehriban Əhmədovanın bərraq musiqisini isə xüsusi vurğulayırıq. Bəstəkar şeirin daxili ritmini, mənəvi dərinliyini və simvolik ucalığını dərindən duyaraq, “Son uçuş”u söz və musiqi vəhdətində bədii hadisəyə çevirib. Nəticədə əsər yalnız bir ədəbi mətn deyil, həm də milli yaddaşın musiqi salnaməsi, xalqın tarixi və mənəvi dəyərlərinin bədii ifadəsi kimi dəyər qazanıb. “Son uçuş”un doğuluşu, şeirdəki hər bir misranın melodik potensialının bəstəkarın həssas duyğusu ilə birləşməsindən başlayır. Bəstəkarın yaradıcı təşəbbüsünü stimullaşdıran əsas impuls isə, sözsüz ki, Mahir Cavadlının sözündəki poetik enerjidir. Burada söz və musiqi təkcə yanaşı duran elementlər müstəvisindən çıxış etmir; onlar bir-birinə ehtiyac duyur, intersemiotik əlaqə yaradır, bir-birini tamamlayır və nəticədə oxucunu və dinləyicini zamanın və məkanın sərhədlərini aşan bir duyğu səfərinə çıxarır. Mehriban Əhmədovanın bəstəsi şeirin mənəvi dərinliyini musiqinin gücü ilə ali mövqeyə çatdırır. Melodiya nisgilli, lakin monumental xarakter daşıyır. Burada lirika ilə qəhrəmanlıq arasında incə bir tarazlıq qorunur. Musiqi xətti sanki uçuşun mərhələlərini xatırladır: əvvəl sakit qalxış, sonra dramatik yüksəliş və nəhayət, əbədi sükutla tamamlanan eniş. İstedadlı müğənni Aynur İsgəndərlinin məharətli ifası isə əsərin ruhunu tamamlamaqda mühüm rol oynayır. Onun səsində həm ağrı, həm qürur, həm də bir əminlik var. İfaçı söz və melodiyanın birliyini qoruyaraq bədii bütövlük yaratmağa qadir olub.
Əsər ilk baxışda bir ağı təsiri bağışlasa da, bu ağıda ümidsizlik deyil, ucalıq və müqəddəslik duyulur. Şair burada ölümdən çox, şəhidliyin ucalığını, fədakarlığın əzəmətini tərənnüm edir. “O səs bizə əmanət – hər şey yaxşı olacaq!” misrası həm şəhidin son sözü, həm də xalqın sabaha inamıdır. Şeirdə yer alan “Od ürəkli Hökümə” obrazı Azərbaycan qadınının mərdliyinin bədii zirvəsidir. “Səmalarda üç rəng saçan, bayrağım” kəlimələri isə artıq ilk sətrdən milli kimlik duyğusunu oyadır. Burada bayraq yalnız bir rəmz deyil, şəhidliyin özü kimi ucalan mənəvi varlıqdır. “Son uçuş” təkcə bir hadisənin hüznlü təsviri deyil, həyatımızın bir parçası, milli-mənəvi dirənişin notlarla yozumudur. Burada insan fədakarlığı, vətən sevgisi, şəhidliyin əzəməti musiqi vasitəsilə əbədiyyətə qovuşur. Əsərdə ölüm yox, əbədiyyətin səsi eşidilir. Əsərin adı da dərin mənəvi yük daşıyır. Hər bir son, əslində, başlanğıcın başqa bir formasıdır. Bu uçuş, son uçuş, xalqın yaddaşında, millətin ruhunda əbədi davam edir..
“Son uçuş” artıq təkcə mahnı deyil – bu, poetik bir salnamə, milli yaddaşın musiqi xatirəsidir. Şair, bəstəkar və ifaçı tandemi əsəri bədii hadisəyə çevirib və bu uğurlu vəhdət Azərbaycan Bəstəkarlar İttifaqının səhnəsində son uçuşun xatirəsini əbədiləşdirib.
Azərbaycanın səmasına yazılmış bir mənəvi xatirədir
– ruhun, sözün və sənətin vəhdətindən doğan “Son uçuş”…
Zeynəb Bağır,etnomusiqişünas

© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

