Türk dünyasının həmrəyliyinin, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü mühüm tarixi hadisə kimi yadda qaldı.

Zirvə Azərbaycanın ev sahibliyində keçirildiyi üçün bu görüş həm Türk dünyasının siyasi birliyinin rəmzinə, həm də bölgədə baş verən geosiyasi dəyişikliklərin müzakirə olunduğu mühüm platformaya çevrildi.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər təkcə təşkilatın gələcək inkişaf istiqamətlərini deyil, həm də qlobal nəqliyyat sistemində Zəngəzur dəhlizinin artan strateji rolunu aydın şəkildə ortaya qoydu.

Vaşinqton Zirvəsində qəbul edilən qərarlar təkcə regional sabitlik baxımından deyil, həm də yeni iqtisadi və nəqliyyat əməkdaşlığı perspektivləri yönündən mühüm əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin çıxışında vurğuladığı kimi, bu Zirvənin ən önəmli nəticələrindən biri Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılıqdır.

Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün strateji önəm kəsb edən, regionun geosiyasi mənzərəsini dəyişdirəcək miqyaslı layihədir. Bu nəqliyyat arteriyası həm Orta Dəhliz, həm də Şimal–Cənub Dəhlizi çərçivəsində ikinci marşrut kimi çıxış edir.

Başqa sözlə, Zəngəzur dəhlizi türk dövlətləri arasında fiziki bağlantı yaradaraq Mərkəzi Asiyadan Aralıq dənizinə qədər uzanan böyük bir iqtisadi və mədəni inteqrasiyanın təməlini qoyur. Azərbaycan bu istiqamətdə mühüm tranzit mərkəzinə çevrilərək, həm enerji, həm də logistika sahəsində regionun əsas dayaq nöqtəsi rolunu möhkəmləndirir.

Dəhlizin işə düşməsi ilə Orta Asiyadan Qərbə daşımaların vaxtı və xərci əhəmiyyətli dərəcədə azalacaq, Avrasiya məkanında ticarət əlaqələri daha səmərəli və təhlükəsiz formada həyata keçiriləcək. Zəngəzur dəhlizi, əslində, Azərbaycanın illərdir irəli sürdüyü strateji vizionun – birləşmiş Türk dünyası ideyasının iqtisadi təməlini formalaşdırır.

Prezident İlham Əliyev bu məsələni bütün beynəlxalq platformalarda ardıcıl şəkildə gündəmdə saxlayaraq, layihənin siyasi reallığa çevrilməsinə nail olub. Dəhliz vasitəsilə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri birbaşa quru əlaqəsi əldə edəcək, bu isə Türk Dövlətləri Təşkilatı daxilində iqtisadi inteqrasiyanı və vahid bazar ideyasını daha real müstəviyə keçirəcək.

Bununla yanaşı, Zəngəzur dəhlizi həm də regional sülhün və əməkdaşlığın əsas təminatlarından biridir. Çünki bu layihə Cənubi Qafqazda qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq modelinin formalaşmasına gətirib çıxarır. Bu gün artıq regional güc mərkəzi kimi çıxış edən Azərbaycan nəqliyyat, enerji və təhlükəsizlik istiqamətlərində qurduğu müasir infrastrukturla həm Şərq, həm də Qərb ölkələri üçün etibarlı tərəfdaşa çevrilib.

Prezident İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır.”

Zəngəzur dəhlizinin reallaşması eyni zamanda Türk Dövlətləri Təşkilatının geoiqtisadi təsir gücünü artıracaq. Bu marşrut Mərkəzi Asiyanın zəngin resurslarını Aralıq və Qara dəniz limanlarına çıxarmaqla, Avropa ilə Asiya arasında yeni bir strateji enerji və ticarət körpüsü formalaşdıracaq.

Azərbaycanın Ələt Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, genişlənən hava limanları və müasir logistika sistemləri bu böyük inteqrasiya layihəsinin ayrılmaz hissəsidir. Zəngəzur dəhlizi həm də enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsü ilə yaradılan şaxələndirilmiş neft və qaz kəmərləri bu gün Avropa və Asiyanın enerji xəritəsini formalaşdırır.

Bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr – xüsusilə Günəş və külək enerjisi ilə bağlı investisiyalar – yaxın illərdə bu dəhlizin “yaşıl enerji koridoru”na çevrilməsinə şərait yaradacaq.
Beləliklə, Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü bir daha sübut etdi ki, Türk Dövlətləri Təşkilatı təkcə ortaq keçmişə deyil, həm də ümumi gələcəyə yönəlmiş strateji birliyə söykənir.

Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində reallaşan Zəngəzur dəhlizi bu birliyin iqtisadi təməl sütunlarından birinə çevrilir. Bu layihə Türk dünyasını, Qafqazı və Avrasiyanı birləşdirən sülh, əməkdaşlıq və tərəqqi xətti kimi tarixə düşür və Azərbaycanın lider mövqeyinin daha da möhkəmlənməsini təmin edir.

Hüseynova Samirə Adəm qızı

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir