Gənclik illərində mənə ən çox təsir edən əsərlərdən biri Xalq yazıçısı Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim” romanı olmuşdu. Bu roman məni vərdiş etdiyim reallıqlardan ayırıb tamam başqa bir aləmə aparmışdı. Bu təsir məni Seyid Əzim Şirvani yaradıcılığı ilə aşina edəndən sonra əsəri tamam başqa gözlə oxudum və bu zamanda səyahət məni sözün əsl mənasında xoşbəxt elədi. Əzizə Cəfərzadə qələminin gücü ilə oxucunu zamanda səyahətə çıxarmağı bacaran qüdrətli yazıçılardandır.

Bu yaxınlarda dəyərli dostum, Əzizə xanımın yadigarı Turan İbrahimov mənə yazıçının “Bəla” kitabını hədiyyə etdi. Yeri gəlmişkən, onu da deyim ki, Turan bəy anasının bütün irsini küll halında nəşr etdirməklə məşğuldur. Böyük yazıçımızın əsərlərinin on yeddi cildi artıq çapdan çıxıb, eyni zamanda elmi əsərləri də ardıcıl olaraq nəşr olunmaqdadır.

Mən Səfəvi xanədanında saray çəkişmələrindən bəhs edən “Bəla” romanını oxudum. Əsərdə baş verən hadisələr I Təhmasibin böyük oğlu Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə cərəyan edir. Tayfalar arasındakı mübarizələr, ikitirəlik, sünni-şiə ixtilafları Səfəvi xanədanını qurd kimi içindən gəmirməkdədir. Belə bir zamanda qurultay keçirilir: II Şah İsmayıldan sonra hakimiyyətə kim gəlməlidir? Biri Heydər Mirzənin, biri Abbas Mirzənin, digəri Təhmas Mirzənin adlarını çəkir. Amma bir fikrə gələ bilmirdilər. Yazıçı Mirzə Ələkbər Sabirin misralarını xatırlayır:

Tapmazsan iki müttəfiqü-rəy müsəlman
Qafqazda olan bir neçə milyan arasında.
Uzun məsləhət-məşvərətdən sonra Məhəmməd Xudabəndə hakimiyyətə gətirilir. O, həlimxasiyyətli, xaraktercə zəif, deyilənlərə tez inanan, tez güzəştə gedən insan idi.
Məhdi-Ülya Xeyrənisə Bəyim isə olduqca tədbirli, hökmlü qadın idi. Məhəmməd Xudabəndə şahlıq taxtına çıxsa da sarayda bütün qərarları bu qadın verirdi. Bu səbəbdən vəzir-vəkil narazılıq edirdi: “Verib ölkənin cilovunu arvadın əlinə. O da bildiyini eləyir”.

Məhdi-Ülya oğlu Həmzə Mirzənin məhəbbətinə mane olur, onun Rumlu tayfasından qız sevməsini qəbul edə bilmir, deyir ki, onlar sünnidir, Şah baban bu izdivaca heç vaxt razılıq verməz. Bir milləti iki bölən təriqətbazlıq məkrli qadının gözünü elə örtmüşdü ki, oğlunun yalvarışlarına belə məhəl qoymur. Beləcə, ülvi məhəbbət siyasət oyunlarının qurbanı olur.

Məhdi-Ülyanın hər yerdə xəbərçiləri-güdükçüləri vardı, bu səbəbdən o, hər şeydən xəbərdar idi. Qızılbaş sərkərdələri isə arvad əmrlərini yerinə yetirməyi kişiliklərinə sığışdırmırdılar. Əmrləri Xeyrənisə Bəyim verirdi, faktiki olaraq dövləti o, idarə edirdi. Məhəmməd Xudabəndənin isə başı ibadətə qarışmışdı. Məhdi_Ülya isə qızılbaş tayfalarının bir-birini qırmasından gizlicə həzz alırdı, düşünürdü ki, bu tayfalar aradan qalxsa, onların da hakimiyyəti əbədi, səltənəti möhkəm olar. Əmir xan Türkman arvadın hökmünü görüb heyrətə gəlir və bu sözləri dilinə gətirir: “Allahım, sən deyəsən axı bunu səhvən arvad yaratmısan. Şükür cəlalına, sərkərdələr bir tərəfdə qalıb, əmrləri Şahbanu verir”.

Ortada bir-birinə qənim kəsilmiş 37 tayfa vardı, bu tayfaların hamısı tür idilər. Məhəmməd Xudabəndənin zəifliyi ucbatından məmləkət bir neçə yerə parçalanmışdı. Yazıçı bu kədərli gedişatı ürək ağrısıyla təsvir edir. Bu Bəlanın kökündə Xeyrənisə Bəyimin məkrli niyyətləri gizlənirdi. Özü türk ola-ola türklərə nifrət edən, farslarla iş birliyinə gedən bu şeytan xislətli qadın Səfəvilərin çöküşünü yaxınlaşdırırdı. Fağır Məhəmməd Xudabəndə onun qarşısını almaqda aciz idi. Bir qadınla bacara bilməyən Şah ölkəni necə idarə edə bilərdi?!

Xeyrənisə Bəyim bir növ, Şekspirin ledi Maqbetinə bənzəyir. Hər iki qadını hakimiyyət ehtirası cinayətə sövq edir. Bu istiqamətdə çoxlu paralellər aparmaq mümkündür.

Dünyagirlik, hakimiyyət hərisliyi Xeyrənisə Bəyimin labüd sonluğunu gətirir. Onu qətlə yetirirlər. O, I Şah Abbasın anası idi…

Yazıçı bütün məkrli əməllərinə, zalımlığına, qəddarlığına baxmayaraq Xeyrənisə Bəyimi ittiham etmir. “…Xeyrənisə Bəyimin elə böyük bir qəbahəti yox idi. Sadəcə, o, öz övladlarının hakimiyyətini möhkəmlətmək, nəslin hökmdarlığını əbədiləşdirmək üçün dəliqanlı, qızılbaş əmirlərinə arxayın ola bilmirdi”. Sonra isə əlavə edir ki, “bu qadın bəlkə də, növzənbillah, Tanrının xətası nəticəsində qadın doğulmuşdu”.

Hakimiyyətə Məhəmməd Xudabəndənin gəlməsi Bəlalara yol açdı. Məhdi Ülya isə hakimiyyəti, övladlarını bəlalardan qorumağa çalışırdı. Onun zalım, qəddar olmaqdan başqa əlacı yox idi.

Azərbaycan tarixi romançılığında “Bəla” romanının xüsusi yer var. Düşünürəm ki, ədəbi tənqid də bu romanı tarixi müstəvidə təhlilə cəlb etməli, romandakı kodları açmağa cəhd etməlidirlər.

Kənan HACI

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir