Yenifikir.media-nın “Qloballaşma Azərbaycan mədəniyyətinə daha çox müsbət, yoxsa mənfi təsir göstərir?” sualına Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov cavab verib:

Götürək bizim yazıçılarımızı — Nizami Gəncəvi, Xəqani Şirvani, Nəsimi, Füzuli, Şah İsmayıl Xətai və digərlərini. Onlar hər zaman 2-3 dildə əsərlər yaradıblar. Nizaminin əsərlərinə baxanda, məsələn, “İsgəndərnamə”nin özü həm siyasi, həm fəlsəfi baxımdan qloballaşmanın ümumi obrazını yaradır. Yaxud “Yeddi Gözəl” əsərini götürək — multikulturalizmin gözəl təcəssümüdür.

“Xosrov və Şirin”də isə Avropa sivilizasiyasının bu gün bizə təqdim etdiyi demokratiya və intellektual, islahatçı dövlət rəhbərliyinin ideoloji əsasları qoyulub.

Bu baxımdan Azərbaycan mədəniyyəti və incəsənəti, xüsusilə söz sənəti — bədii söz sənəti, poeziya və ədəbiyyat daha çox inkişaf edib. Ədəbiyyatımız hər zaman həm Avropaya, həm dünyaya, həm də Şərqə açıq olub. Baxın, bizim neçə-neçə sivilizasiya tariximizdə intibah dövrlərimiz olub. Vaxtilə fars və ərəb dilləri əsasında intibah dövrləri yaşamışıq. İslamı qəbul etdiyimiz dövrdə poeziya və ədəbiyyatın inkişaf etdiyi farsdilli dövrdə mütəfəkkir şairlərimiz yetişib.

Daha sonra, orta əsrlərdə türk dilinin, ana türkcənin inkişaf etdiyi dövrdə milli intibah dövrü başladı. Şah İsmayıl Xətai, Nəsimi, Füzuli kimi şairlər dilimizin milliləşməsinə, Azərbaycan türkcəsinə — Azərbaycan dilinə çevrilməsinə böyük töhfələr verdilər. Ədəbi və poetik dil olaraq bu dil həm Azərbaycanda, həm də türklərin yaşadığı geniş coğrafiyada təsir göstərdi. Bunun məntiqi nəticəsi olaraq Qızılbaşlar və Şah İsmayıl Xətainin yaratdığı Səfəvilər imperiyası meydana gəldi.

18-19-cu əsrlərdə isə biz artıq Avropaya meyil göstərməyə başladıq. Avropa tipli mədəniyyət, mətbuat, ədəbiyyat, teatr, daha sonra isə kino, radio və televiziya Azərbaycanda oturuşmağa başladı. Mən hələ fotoqrafiyanı və digər sənət növlərini demirəm. Fikir verin, Axundovdan başlayaraq, xüsusilə də Bakıxanovun yüksək səviyyədə inkişaf etdirdiyi milli, Avropa tipli bədii nəsr və dramaturgiya yeni bir renessans — intibah dövrü yaratdı.

Məhz bunun nəticəsi olaraq “Füruzət”, “Məlasətçi” kimi ədəbi və fəlsəfi məktəblər yarandı. Bu məktəblərin yaradıcıları həm də siyasi-ideoloji düşüncəmizin inkişafında mühüm rol oynadılar. 19-cu əsrdə başlayan bu hərəkat Cənubi, Şimali və Qərbi Azərbaycanı sürətlə inkişaf etdirdi. Həmin dövrdə Azərbaycanda yeni mətbuat yarandı — istər Təbrizdə çap olunan “Azərbaycan” qəzeti, istərsə də digər nəşrlər.

Şimali Azərbaycanın paytaxtı Bakı şəhərində isə həm rus, həm Azərbaycan, həm də türkcə nəşr olunan jurnallar və qəzetlər meydana çıxdı. Bütün bu məzmunda aparılan işlər təbii ki, bizim Avropaya açılmağımıza, Avropa mədəniyyətini qəbul etməyimizə, Avropa düşüncəsini mənimsəməyimizə və yeni bir intibah dövrü yaşamağımıza səbəb oldu. Bunun nəticəsi olaraq 1918-ci ildə milli hərəkat gücləndi, Şərqdə ilk demokratik Xalq Cümhuriyyəti yaradıldı.

Daha sonra isə inkişaf edən Sovet Azərbaycan Respublikası formalaşdı. O dövrdə Sovet və rus təsiri ilə yeni bir savadlanma prosesi baş verdi. Nəticədə isə 1990-cı illərdə milli hərəkat başlandı və müstəqil Azərbaycan Respublikası quruldu.

Ümumiyyətlə, bir məsələni yaddan çıxarmayaq: qloballaşma — istər mədəniyyətdə, istər iqtisadiyyatda, ticarətdə, təhsildə, elmdə və digər sahələrdə — intellektual səviyyəsi yüksək olan, təhsilə və elmə xüsusi diqqət yetirən, texnologiyaları inkişaf etdirən, mədəniyyət və estetik dəyərləri yüksək səviyyəyə qaldıran cəmiyyətlərə və toplumlara müsbət təsir göstərir.

Təbii ki, yenilik — şübhəsiz olaraq — özü üçün müəyyən qurbanlar da tələb edir. Dəyişikliklər, islahatlar tələb olunur. Əgər bunlar baş verməsə, yenilik köhnəliyin yerini tuta bilməz.

Bu baxımdan Azərbaycan mədəniyyəti və onun inkişaf etmiş qolu sayılan ədəbiyyat, humanitar düşüncə hər zaman yeniliyə açıq olub. Hər zaman yeniliyi qəbul edib, onu özününküləşdirməyi bacarıb. Vaxtilə zərdüştlük, xristianlıq, islam və islamın müxtəlif məzhəbləri Azərbaycanda daha rahat şəkildə inkişaf edib.

Azərbaycan cəmiyyəti, Azərbaycan insanı yeniliyə, islahata çox açıq bir toplumun nümayəndələridir. Çünki biz elə bir coğrafiyada yerləşirik ki, həm Şərqə, həm Qərbə, həm Asiyaya, həm Avropaya, həm İslam dünyasına, həm də xristian dünyasına yaxınıq. Hətta uzaq Yaponiyadan, Çindən gələn buddizm, Hindistandan və İrandan gələn zərdüştlük və atəşpərəstlik kimi düşüncə tərzləri də bizim mədəniyyətimizə böyük təsir göstərib.

Mədəniyyətimizin inkişafında və yeni mərhələlərə qədəm qoymasında bu təsirlərin xüsusi rolu olub.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir