Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl şəkildə reallaşdırır, dövlətimizin gücü mütəmadi olaraq artır. Bu uğurları mümkün edən əsas amil isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə atılan addımlar ölkəmizin hərbi Qələbəsinin diplomatik müstəvidə də möhkəmlənməsini təmin edir. Bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov Yenifikir.media-ya açıqlamasında bildirib.
Deputat əlavə edib ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda birgə bəyannamə imzalayacağı barədə xəbərlər regionda yeni siyasi vəziyyətin formalaşmasına zəmin yaradır. Bu sənədin imzalanması sülh müqaviləsinə doğru atılan mühüm addım kimi qiymətləndirilir. Ağ Evdə baş tutan görüş yalnız iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqazın taleyində həlledici dönüş nöqtəsi kimi yadda qalacaq.
ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə verdiyi önəm Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyulun 19-da Xankəndində keçirilən 3-cü Şuşa Qlobal Media Forumu iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərdə də əksini tapıb:
“Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizlik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı vəziyyəti də diqqət mərkəzində saxlayır.”
Xatırladaq ki, 2024-cü ilin iyul ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə təkbətək formatda görüş keçiriblər. Bu görüş, tərəflər arasında əvvəlki bütün təmasların vasitəçilər və ya beynəlxalq sammitlər çərçivəsində baş tutduğu kontekstdə mühüm dəyişiklik kimi qiymətləndirilir. Vaşinqton görüşü bu diplomatik prosesin davamıdır.
Qeyd edək ki, Vətən müharibəsinin bitməsindən sonrakı dövrdə 30 illik münaqişə dövründə vasitəçilik edən “ənənəvi” aktorlar — Rusiya, Fransa, ABŞ, eləcə də bu üçlüyün birləşdiyi bədnam Minsk qrupu hələ də səhnədə idi. Hətta Azərbaycan sülh müqaviləsinin ilk layihəsini məhz Minsk qrupu vasitəsilə Ermənistana təqdim etmişdi. Lakin Ermənistanın “Dağlıq Qarabağ” məsələsini yenidən gündəliyə daxil etmə cəhdləri və bunun üçün yalnız Minsk qrupunun dəstəyindən istifadə etmək istəyi Azərbaycanın bu ermənipərəst qurumun ləğvinə dair qəti mövqe ortaya qoymasına səbəb oldu.
Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün iki əsas şərt irəli sürmüşdü. Birinci şərt — Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi, ikinci şərt isə Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı idi.
Qeyd edilməlidir ki, hələ bu ilin mart ayında hər iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh sazişinin 17 maddəsinin razılaşdırıldığı bəyan edilmişdi. Bu da öz növbəsində Ermənistanın Azərbaycanın hər iki əsas şərti üzrə haqlı mövqeyini qəbul etdiyini göstərirdi.
Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk qrupunun ləğvinə dair ATƏT-in Baş katibinə birgə müraciətin ediləcəyi də təsdiqlənir. Otuz ilə yaxın fəaliyyət göstərən və işğal dövründə status-kvonun qorunmasında əsas rol oynayan Minsk qrupu artıq tarixə qovuşur. Bu isə Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirilir.
Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair sazişin mətni paraflandıqdan sonra bu sənədin imzalanması və ratifikasiyası istiqamətində növbəti addımların atılması zəruriliyi tanınır. Yəni, yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri olan Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruri hesab olunur.
Bununla yanaşı, ölkəmiz üçün sülh sazişindən sonra həllini gözləyən əsas strateji məsələlərdən biri, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin olunmalıdır. Bu razılaşma vasitəsilə ilk dəfə olaraq Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa və maneəsiz gediş-gəliş hüquqi və praktiki müstəviyə keçə bilər. Bu isə Zəngəzur dəhlizinin reallaşma ehtimalını artırır və Cənubi Qafqazda nəqliyyat bağlantılarının bərpası ilə geosiyasi balansı Azərbaycanın xeyrinə dəyişir.
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyi əvvəlki çıxışlarında da bəlli idi. Lakin Xankəndində bu məsələ barədə açıq və detallı danışması bir daha göstərdi ki, Zəngəzur dəhlizinin reallaşması ölkəmiz üçün prinsipial prioritet olaraq qalır:
“Bizim üçün isə ən başlıca məsələ odur ki, – mən Əbu-Dabidə həmkarıma dedim, – bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır… Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmamalıdır və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin.”
Beləliklə, Sülh Bəyannaməsi imzalanarsa, Azərbaycan Naxçıvana daha da yaxınlaşacaq, Naxçıvan isə bütün Azərbaycana açılacaq.
Əlbəttə, bu proseslərin mərkəzində Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti dayanır. Həm hərbi Qələbə, həm diplomatik üstünlük, həm də uzunmüddətli sabitliyin təmin edilməsi Azərbaycan liderinin dövlətçilik konsepsiyasının məntiqi nəticəsidir. Azərbaycan artıq yalnız sülh istəyən deyil, eyni zamanda sülhü diktə edən ölkədir. Sülh çərçivə sənədinin imzalanması ilə İlham Əliyev təkcə müharibəni deyil, sülhü də qalibiyyətlə başa vuran lider kimi tarixə düşəcək.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin