Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyəyə rəsmi səfəri çərçivəsində ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Yenifikir.media türk mətbuatına istinadla xəbər verir ki, bu görüşdə tərəflər ticarət, investisiya, nəqliyyat, müdafiə sənayesi və regional sülh kimi önəmli mövzuları müzakirə ediblər.
Birgə Mətbuat Konfransında Prezident Ərdoğan bildirib ki, Türkiyə və Gürcüstan arasında 3 milyard dollarlıq ticarət hədəfi artıq gerçəkləşib və yeni, daha ambisiyalı 5 milyard dollarlıq məqsədə doğru inamla irəliləyirlər. O vurğulayıb ki, 17 ildən artıqdır ki, Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır və bu əlaqələr möhkəm əsaslara söykənir.
Ərdoğan əlavə edib ki, iki ölkə arasında investisiyaların təşviqi üçün ciddi səylər davam etdirilir. Gürcüstanda artıq 2 mindən çox türk şirkəti fəaliyyət göstərir və birbaşa türk investisiyaları 2,5 milyard dollar səviyyəsinə yaxınlaşıb. Bundan başqa, türk podratçıları Gürcüstanın infrastruktur layihələrində 5,5 milyard dollardan çox dəyəri olan 300-ə yaxın layihəni həyata keçirirlər.
Nəqliyyat sahəsində Bakı-Tiflis-Qars dəmir yolunun Orta Dəhlizin əsas sütunlarından biri olduğunu vurğulayan Prezident Ərdoğan, bu layihənin tam gücü ilə fəaliyyətə başlamasının hər iki ölkə üçün böyük önəm kəsb etdiyini söyləyib. Həmçinin müdafiə sənayesi və hərbi əməkdaşlıq istiqamətində potensialın artırılması məsələləri də müzakirə olunub.
Ərdoğan, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə Türkiyənin sarsılmaz dəstəyini bir daha ifadə edib. O, Azərbaycan və Gürcüstanla qurulan üçlü formatın regional sülhə mühüm töhfə verdiyini, yaxın gələcəkdə üçlü Xarici İşlər Nazirləri və parlament sədrliyi toplantılarının keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
Görüşdə Qara dənizin təhlükəsizliyi, Qafqazdakı sülh prosesləri, Ukrayna münaqişəsi və Qəzzədəki humanitar vəziyyət də geniş müzakirə mövzusu olub. Ərdoğan, Türkiyə və Gürcüstanın bölgədə və daha geniş coğrafiyada əməkdaşlıq, sülh və inkişaf üçün birgə səylərini davam etdirəcəyini vurğulayıb.
Prezident həmçinin Ahıska türklərinin vətənlərinə təhlükəsiz və ləyaqətli dönüşü məsələsində Türkiyənin tam dəstəyini ifadə edib və bu prosesin sağlam şəkildə davam etməsi üçün bütün imkanların səfərbər olacağını qeyd edib.
Ərdoğan sözlərini belə yekunlaşdırıb: “Türkiyə və Gürcüstan arasındakı strateji əməkdaşlığın xalqlarımızın iradəsi ilə daha da möhkəmlənəcəyinə inanıram. Cənab Kavelaşviliyə və heyətinə təşəkkür edir, dost Gürcüstan xalqına ən səmimi salamlarımı çatdırıram. 4 sentyabrda Tiflisdə keçiriləcək 2026 Dünya Kuboku seçmə oyununun xalqlarımız arasındakı dostluq bağlarını daha da gücləndirəcəyinə ümid edirəm.”
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin