Mən Bakıda doğulmuşam, burada böyümüşəm, burada da yaşayıram. Amma bütün qohumlarım rayondadır. İldə bir dəfə, bəzən də ancaq məzuniyyət vaxtı imkan tapıram ki, yanlarına gedim. O günlər mənim üçün bayramdan da qiymətlidir. Bir süfrənin başında oturmaq, uşaqlıq dostlarının səsini eşitmək, doğmaların təbəssümünü görmək insanın içini isidir, ruhunu dirildir.
Amma qayıdanda hər şey dəyişir. Bakıya qayıdanda elə bil ürəyimdən bir parça qopur. Burada küçələr insanla doludur, maşınların səsi qulağı kar edir, havadakı toz nəfəs almağa qoymur. Binalar göyə uzanıb, amma adamın ruhu daralıb. Günlərlə özümə gələ bilmirəm, çünki içimdə böyük bir boşluq qalır. Doğmalarımdan, o sadə, amma isti həyatdan uzaq düşmək məni yeyir.
Bu şəhərdə hər şey var – iş də, pul da, imkan da. Amma ən vacib olan yoxdur: doğmalıq, səmimiyyət, insanlıq. İnsanların gözündə nə istilik var, nə də təbəssüm. Heç kim heç kimə salam vermir, heç kim hal-əhval tutmur. Hamı qaça-qaça keçir, sanki bir-birinin varlığını görmür. Şəhərdə adam evə qayıdır, dörd divarın arasında tək qalır.
Rayonda isə başqa cürdür. Orada səhərin səsi başqa gəlir, havanın qoxusu belə adamın ürəyini açır. Uşaqlar həyəti bir-birinə qatır, böyüklər ağacın altında oturub çay içir, söhbətlər axıb gedir. Bir çörəyi on nəfər bölüşür, bir dərdi hamı çəkir. O sadə həyatda bir isti nəfəs var, bir doğmalıq var. Burada isə daş divarlar arasında insanlıq itib.
Ən acısı isə budur ki, insan darıxdığı adamı görə bilmir. “Nə vaxtsa gedərəm, görüşərəm” deyə-deyə günlər keçir. Sonra qəfil xəbər gəlir: o adam dünyasını dəyişdi. Və sən yalnız yasına çatırsan. İçində yanıb qalan sözlər olur: “Kaş sağlığında görəydim… Kaş bir dəfə də qucaqlayaydım… Kaş bir dəfə də üzünə baxaydım…” Amma gec olur. Həyat ikinci şansı vermir.
İndi elə bir zamana gəlib çatmışıq ki, doğmalarımızı yalnız toydan-toya, yasdan-yasa görürük. Qucaqlamaq istədiyimiz adamları ancaq son səfərinə yola salmağa gedirik. Bir-birimizin üzünü görə-görə itiririk.
Həyat çox dəyişib. İnsanlar çoxalıb, amma insanlıq azalıb. Dünya darıxmaq üçün çox geniş, yaşamaq üçün isə çox dar bir yerə çevrilib.
Tural Qoca
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin