Sabiq millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev bu gün də Facebook hesabında maraqlı bir video ilə çıxış edib. O, söhbətində anaların uşaqların həyatında rolu barədə danışaraq qeyd edib:

“Dəyərli dostlar, bu gün də maraqlı bir mövzu üzərində dayanmaq istəyirəm. Böyük şəxsiyyətlərin – fiziklərin, filosofların, yazıçıların, kimyaçıların, bioloqların, riyaziyyatçıların bioqrafiyalarını oxuduqda çox maraqlı bir məqamla rastlaşırıq: onların dahiliyinin formalaşmasında anaların rolu nədən ibarət olub?”

Etibar Əliyev bildirib ki, oxuduğu çoxsaylı mənbələrdə dahi insanların tərbiyəsində, onların təfəkkürünün oyanmasında və kəşflərə yol açmasında anaların müstəsna rolu xüsusi vurğulanır. O sual edir: “Bəs bizdə vəziyyət necədir? Bu mövzuda Azərbaycan ədəbiyyatında hər hansı əsər varmı? Klassiklərimizin bizə tövsiyələri olubmu?”

Onun sözlərinə görə, bu barədə ən maraqlı oçerk Azərbaycan yazıçısı və mütəfəkkiri Yusif Vəzir Çəmənzəminliyə məxsusdur. Çəmənzəminli yazırdı:

“Bir çox tərcümeyi-hallar göstərir ki, təbii istedad uşaqlıqdan üzə çıxmağa başlayır. Ona görə də gərək uşaqların kiçik yaşlarından etinasız qalmayaq, onların meyl və həvəslərinə diqqət yetirək. Burada isə ilk növbədə ana yada düşür. Bu böyük və məsul vəzifə məhz anaya həvalə olunur. Analar övladlarını tərbiyə etməklə yanaşı, onların təbii istedadlarının inkişafına şərait yaratmalıdırlar. Əks halda, ana savadsız və avam olarsa, uşaqların qabiliyyəti itib gedər. Elmli və ziyalı olduqda isə övladın istedadının üzə çıxmasına inanmaq və gələcəyinə ümid bağlamaq mümkündür.”

Çəmənzəminli əlavə edirdi ki, uşaqlar rəssamlığa maraq göstərdikdə çox vaxt valideynlər bunu yersiz sayır, kağıza, karandaşa, rəngə verilən pulu israf hesab edirlər. Musiqi ilə məşğul olanları isə “bikar” və “arsız” adlandırır, bu məşğuliyyəti faydasız və yolverilməz kimi dəyərləndirirlər. Halbuki başqa xalqlar arasında vəziyyət tam fərqlidir – orada uşaqların təbii istedadına diqqət yetirilir və inkişafına şərait yaradılır.

Etibar Əliyev çıxışında vurğulayıb ki, ilk növbədə övladın zəka və bacarığı ananın diqqətini cəlb edir. Elə buna görə də Avropanın bir çox böyük şəxsiyyətlərinin həyatında analarının rolu həlledici olmuşdur.

Daha ətraflı videonu təqdim edirik :

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir