Son zamanlar Qəzzadan yayılan bəzi görüntülər beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdədir. Xüsusilə binaların dağıdılması anlarının yüksəkkeyfiyyətli çəkilişlərlə saniyə-saniyə lentə alınması və dərhal emosional musiqi və səhnələşdirilmiş ağlaşma fonunda yayımlanması ciddi suallar doğurur. Bu görüntülərin təsadüfi şəkildə çəkildiyi deyilə bilməz. Kamera məhz hadisənin baş verəcəyi yerə tuşlanır və partlayış anını qeydə almağa hazır vəziyyətdə gözləyir. Bütün bu detallar bir sualı aktuallaşdırır: əgər bu zərbələr qəfil baş verirsə, bu qədər peşəkar hazırlıq necə mümkün olur?
Bu sualın cavabı bizi daha geniş və narahatedici bir mənzərəyə aparır. Bugünkü dünyada informasiya müharibəsi artıq fiziki müharibənin ayrılmaz bir hissəsinə çevrilib. Bəzi hallarda məqsəd hadisənin özündən çox onun necə təqdim olunmasıdır. İctimai rəyi formalaşdırmaq, emosional manipulyasiya ilə siyasi təzyiq yaratmaq artıq müasir döyüş taktikasının əsas komponentlərindəndir.
Təəssüf ki, zaman-zaman bu manipulyasiyaların məqsədli şəkildə gerçəklərin üzərinə kölgə saldığını görürük. Və bəzi hallarda dağıdılmış binaların məhz həmin bölgədə fəaliyyət göstərən silahlı qruplaşmalar tərəfindən müxtəlif səbəblərlə vurulduğu, daha sonra isə bu məsuliyyətin İsrailin üzərinə yönəldildiyi də iddialar arasındadır. Əgər bu, doğrudursa, bu cür davranışlar beynəlxalq hüquq və humanitar prinsiplərə tamamilə ziddir.
Daha üzücü vəziyyət isə budur ki, həmin taktikalardan istifadə edənlər arasında Azərbaycan xalqına qarşı illərlə torpaq iddiaları irəli sürmüş və qondarma uydurmalarla dünyanı aldatmağa çalışmış erməni təbliğatının metodlarına bənzər yanaşmalar müşahidə olunur. Ermənistanın işğalçılıq siyasətini legitimləşdirmək üçün beynəlxalq ictimaiyyətə təqdim etdiyi saxta sənədlər, manipulyativ görüntülər və dezinformasiya kampaniyaları ilə Azərbaycan torpaqlarını özününküləşdirmə cəhdləri bu gün bəzi fələstin qruplarının da müraciət etdiyi təbliğat arsenalının tərkib hissəsinə çevrilmişdir.
Tarixi paradoks ondan ibarətdir ki, bir zamanlar Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxaraq Ermənistanla strateji müttəfiqlik nümayiş etdirən bəzi fələstin dairələrinin ideoloji təməlləri bu gün də öz destruktiv mahiyyətini qoruyub saxlayır. Bu həm siyasi, həm də mənəvi baxımdan ikili standartların təzahürüdür.
Unutmayaq ki, hər bir savaşda obyektivlik, vicdan və həqiqət əsas prinsiplər olmalıdır. Hər hansı tərəfi müdafiə etmək naminə həqiqətləri təhrif etmək və süni dramatikləşdirmə yolu ilə beynəlxalq ictimaiyyəti manipulyasiya etmək nə hüquqi prinsiplərə, nə də əxlaqi-mənəvi dəyərlərə sığan davranışdır. Beynəlxalq ictimaiyyət belə hallarda daha diqqətli olmalı, obyektiv informasiya və təsdiqlənmiş faktlara əsaslanaraq mövqe bildirməlidir.
Çünki kamera hara tuşlanırsa, bəzən orada həqiqət yox, məqsədli təqdimat dayanır. Və çox vaxt bu təqdimatın arxasında görünməyən, amma böyük təsir gücünə malik informasiya silahı gizlənir.
Tural Qoca
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin