Xalqımızın azadlıq, müstəqillik və suverenlik uğrunda apardığı mübarizə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış mərhələlərlə əks olunub. Hər bir belə mərhələ xalqımızın sarsılmaz iradəsini, milli ruhunu və qətiyyətini parlaq şəkildə nümayiş etdirir. Əsrlər boyu yadelli işğalçılara qarşı mübarizə aparan Azərbaycan xalqı heç vaxt milli kimliyindən və istiqlal arzularından vaz keçməmişdir. Tarixin müxtəlif dönəmlərində xalqımız həm siyasi, həm də mənəvi müstəqilliyini qorumaq üçün böyük sınaqlardan keçmiş, qəhrəmanlıq səhifələri yazmışdır. Xüsusilə də XX əsrin sonu və XXI əsrin əvvəlləri bu mübarizənin ən şanlı dövrlərindən biridir.

Rəsmi İrəvanın Azərbaycana qarşı uzun illər ərzində apardığı düşmənçilik siyasəti tarixin dərin qatlarına söykənir. Qarabağa ermənilərin çar Rusiyası dövründə köçürülməsindən etibarən xalqımıza qarşı qərəzli münasibət, məkrli planlar və sistemli düşmənçilik siyasəti başlanmış, bu proses 200 ildən çox davam etmişdir. Ermənilər Azərbaycan ərazilərində məskunlaşdıqları ilk gündən xalqımıza aid toponimləri dəyişdirmiş, münbit torpaqları ələ keçirməyə çalışmış və azərbaycanlıların yaşadığı bölgələrdə onları sıxışdıraraq zorla çıxarmağa başlamışdılar. XIX əsrin sonu və XX əsrin əvvəllərində ermənilərin ifrat millətçilik ideologiyasına əsaslanan “Daşnaksutyun” siyasəti xalqımız üçün böyük faciələr gətirdi. Rusiya inqilablarının yaratdığı qarışıqlıqdan istifadə edən erməni silahlı dəstələri 1905–1907-ci, həmçinin 1918–1920-ci illərdə yüz minlərlə günahsız azərbaycanlını qətlə yetirdilər. İrəvandan başlayaraq Zəngəzura, Göyçəyə, Naxçıvana, Bakıya, Şamaxıya, Qubaya və digər bölgələrə qədər yayılan soyqırımlar tariximizin qanlı səhifələri oldu. Minlərlə ailə evlərindən didərgin düşdü, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edildi. Sonrakı dövrlərdə rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” kimi sərsəm ideyası yeni faciələrə yol açdı. 1948–1956-cı illərdə Ermənistandakı tarixi torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya edilərək Azərbaycanın Kür-Araz ovalığında yerləşdirildi. 1980-ci illərin sonlarından etibarən isə daha 300 min soydaşımız öz doğma yurdlarından didərgin salındı və Ermənistan monoetnik dövlətə çevrildi. 1988-ci ildən başlayan Qarabağ hadisələri isə bu siyasətin daha qanlı və amansız təzahürü oldu – kəndlər, şəhərlər dağıdıldı, on minlərlə günahsız insan həyatını itirdi, yüz minlərlə azərbaycanlı doğma torpaqlarından didərgin düşdü.

Xarici havadarlarının dəstəyi ilə silahlandırılan Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz torpaqlarını işğal etdi. Bu işğal zamanı yaşayış məntəqələri yerlə yeksan edildi, dinc əhali vəhşicəsinə qətlə yetirildi. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilən qətliamlar erməni faşizminin əsl simasını göstərirdi. Xüsusilə, 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımı xalqımızın yaddaşında silinməz iz qoydu. 613 nəfərin, o cümlədən qadınların, uşaqların və qocaların amansızcasına qətlə yetirilməsi, yüzlərlə ailənin faciəyə düçar olması, minlərlə insanın əlil qalması bu faciəni bəşəri cinayət səviyyəsinə yüksəltdi. 

Bütün bu haqsızlıqlar qarşısında beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti vəziyyəti daha da gərginləşdirdi. 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 29 il ərzində münaqişəni həll etmək əvəzinə, onun dondurulmasına çalışdı. Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan tərəf olmasına baxmayaraq, beynəlxalq təşkilatlar hər iki tərəfə eyni münasibət göstərdi və qəbul edilən qətnamələr kağız üzərində qaldı. Azərbaycan bütün bu müddət ərzində beynəlxalq hüquqa sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışdı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan dərhal çıxarılması tələb olunsa da, bu qərarlar 27 il ərzində icra edilmədi. 30 ilə yaxın aparılan danışıqlar Ermənistanın destruktiv mövqeyinə görə nəticəsiz qaldı. Nəticədə, Azərbaycan xalqının səbr kasası doldu. Rəsmi İrəvanın işğalçılıq siyasəti, beynəlxalq təşkilatların ədalətsiz mövqeyi və 30 illik ədalətsizlik müharibəni qaçılmaz etdi. 2016-cı il aprel ayında Lələtəpə döyüşləri və 2020-ci il iyul ayında Tovuz döyüşləri xalqımızın işğalla barışmayacağını bir daha nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş və xalqımıza qarşı aşağılayıcı, təxribatçı bəyanatlar vermişdir.

Sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoyan hərbi təxribat 2020-ci il 27 sentyabr tarixində baş verdi. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutdu. Nəticədə 11 dinc sakin, o cümlədən 2 uşaq həyatını itirdi. Bu təcavüzə qarşı dərhal Silahlı Qüvvələr Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum başlandı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələndi. Sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, həmçinin strateji yüksəkliklər düşmən tapdağından azad olundu. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür

Müharibədə iştirak edən hərbi qulluqçular Prezident İlham Əliyevin sərəncamları ilə “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də onlarla medallarla təltif olunaraq igidlik və şücaətləri dövlət tərəfindən yüksək qiymətləndirildi. Qələbənin əbədiləşdirilməsi məqsədilə paytaxtda inşa olunan Zəfər Parkı, Vətən Müharibəsi Memorial Kompleksi və muzeyi xalqımızın qəhrəmanlıq tarixini gələcək nəsillərə çatdırır. Parkda Zəfər tağı, Zəfər günü abidəsi, tematik bağçalar və Azadlıq Bayrağı Meydanı yaradılaraq həm tarixi Qələbənin, həm də şəhid və qazilərimizin xatirəsinin əbədiləşdirilməsi təmin olunub. Eyni zamanda, dövlət tərəfindən qazilərə və şəhid ailələrinə geniş sosial dəstək göstərilir, “YAŞAT” Fondu vasitəsilə hərbiçilərin müasir protez və digər ehtiyacları təmin olunur. Bütün bu tədbirlər Azərbaycanın vətənpərvərlik ənənələrini yaşatmaq, igidliyi qiymətləndirmək və Qələbəni gələcək nəsillərə yadigar qoymaq məqsədini daşıyır. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

27 Sentyabr- Anım Günü bizə həm hüznü, həm də qüruru yaşadır. Hüznümüz şəhidlərin itkisinə, qürurumuz isə onların qanı ilə yoğrulmuş zəfərədir. Bu gün biz bir daha anlayırıq ki, Vətən sevgisi ölümsüzdür, biz Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizi ehtiramla anır, qazilərimizin mərdliyinə, xalqımızın birlik və mübarizə ruhuna baş əyirik.

Hüseynova Samirə Adəm qızı

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir