Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfəri ətrafında Ermənistan cəmiyyətində və bəzi siyasi çevrələrdə müşahidə olunan reaksiyalar regionda yaranmış yeni reallıqların qəbul edilməməsi kimi qiymətləndirilə bilər. Xarici diplomatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə səfər etməsi hər hansı üçüncü tərəfin daxili siyasi məsələyə müdaxiləsi deyil. Əksinə, bu cür səfərlər həmin dövlətlərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə münasibətinin praktiki ifadəsidir. Bu səfərlərin siyasiləşdirilməsi isə Azərbaycanın suveren hüquqlarına kölgə salmaq cəhdi təsiri yaradır.
Məsələnin digər mühüm tərəfi tarixi və mədəni irsin siyasi müstəvidə birtərəfli təqdim edilməsidir. Gəncəsər və Xudavəng kimi abidələr Azərbaycanın qədim tarixi-mədəni irsinin ayrılmaz hissəsidir. XIII əsrdə Alban Xaçın knyazı Həsən Cəlal tərəfindən inşa edilən Gəncəsər Qafqaz Albaniyası Katolikosluğunun mühüm dini-inzibati mərkəzi olmuş, Xudavəng kompleksi isə Yuxarı Xaçın alban knyazlarının hakimiyyəti dövründə formalaşmışdır. Bu abidələrin memarlığı, epiqrafik yazıları və tarixi konteksti onların Azərbaycan ərazisinin və tarixinin ayrılmaz tərkib hissəsi olduğunu göstərir. Buna görə də bu irsin yalnız bir etnosun müstəsna irsi kimi təqdim edilməsi regionun çoxqatlı tarixini təhrif edir və obyektiv elmi yanaşma ilə uzlaşmır.

Bu baxımdan, Qafqaz Albaniyasının tarixi və irsi ilə bağlı mübahisələrin də siyasi qarşıdurma predmetinə çevrilməsi yolverilməzdir. Azərbaycanın mövqeyinə görə, ölkə ərazisində yerləşən tarixi-mədəni abidələrin qorunması dövlətin məsuliyyətidir və bu irsin gələcək nəsillərə çatdırılması üçün müvafiq tədbirlər görülür. Tarixi abidələrə münasibətdə əsas meyar siyasi maraqlar deyil, onların elmi əsaslarla tədqiqi, qorunması və beynəlxalq irs prinsiplərinə uyğun şəkildə mühafizəsi olmalıdır.
Ermənistanda müşahidə olunan siyasi ritorikanın digər mühüm aspekti revanşist yanaşmaların cəmiyyətin yalnız ayrı-ayrı müxalif təbəqələri ilə məhdudlaşmamasıdır. Hakimiyyətə yaxın informasiya resurslarında mövzunun gündəmə gətirilməsi və parlament səviyyəsində səsləndirilən bəzi fikirlər məsələnin siyasi müstəvidə də müəyyən aktuallıq qazandığını göstərir. 14 sentyabrda 2022-ci ilin sentyabr hadisələri zamanı həlak olmuş erməni hərbçilərinin parlamentdə bir dəqiqəlik sükutla yad edilməsi də bu kontekstdə diqqət çəkir. Belə addımlar rəsmi İrəvanın sülh gündəliyi ilə cəmiyyətdə formalaşdırılan siyasi-emosional ritorika arasında müəyyən ziddiyyətlərin mövcudluğu barədə suallar yarada bilər.
Bu mənzərə Ermənistanın sülh prosesinə yanaşmasının ardıcıllığı və səmimiliyi ilə bağlı müzakirələri də aktuallaşdırır. 2023-cü ildən sonra regionda yaranmış vəziyyət fonunda sülhün və dövlətlərarası münasibətlərin normallaşdırılmasının alternativinin olmadığı daha aydın görünür. Belə bir şəraitdə hakimiyyətə yaxın çevrələrdə və ictimai diskursda revanşist və qarşıdurma yönümlü fikirlərin yayılması etimad mühitinin formalaşmasına mənfi təsir göstərə bilər.
Tarixi yaddaş məsələsi də bu prosesin mühüm elementlərindən biridir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı mədəni irsi ilə bağlı həssaslığın tənqid edilməsi fonunda indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus yaşayış məskənləri, qəbiristanlıqlar, məscidlər və digər mədəni obyektlərin taleyi ilə bağlı məsələlərin diqqətdən kənarda saxlanılması selektiv yanaşma təsiri yaradır. Tarixi irsin qorunması məsələsi yalnız bir xalqın deyil, bölgədə yaşamış bütün icmaların mədəni yaddaşının qorunmasını əhatə etməlidir.
Belə məsələlər yalnız ikitərəfli siyasi mübahisə kimi deyil, mədəni irsin qorunması ilə bağlı beynəlxalq öhdəliklər çərçivəsində nəzərdən keçirilməlidir. 1954-cü il Haaqa Konvensiyasının müddəaları və UNESCO-nun mədəni irsin qorunmasına dair prinsipləri bütün tərəflər üçün obyektiv və ayrı-seçkisiz yanaşmanın vacibliyini önə çəkir.
Bu baxımdan da diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı Ermənistan daxilində səslənən reaksiyalar yalnız konkret səfərə münasibət kimi deyil, regionda baş verən geosiyasi dəyişikliklərə və yeni reallıqlara münasibətin göstəricisi kimi də nəzərdən keçirilə bilər. Davamlı sülhün və qarşılıqlı etimadın yaradılması üçün həm siyasi ritorikada, həm də tarixi-mədəni məsələlərə yanaşmada qarşıdurmanı dərinləşdirən mövqelərdən uzaqlaşmaq vacibdir. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşı, Cənubi Qafqazın bütün xalqlarının tarixi və mədəni irsinə obyektiv, elmi və ayrı-seçkisiz münasibətin formalaşdırılması regionda uzunmüddətli sülhün əsas şərtlərindən biri olaraq qalır.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın