27 sentyabr… Payızın həzin küləyi əsdikcə şəhidlərimizin ruhu dolaşır Vətən torpağında. Payız yenə payını payladı torpağa… Küləklər səs-küy salmır, için-için ağlayır, şəhid laylası oxuyur. Vətən torpağının hər qarışında bir igidin qanı, hər daşında bir şəhidin canı var… Can cana sarılıb, torpaq qanla yoğrulub…
Dan yeri sökülür Şəhidlər Xiyabanında… Şəfəqlər şəfqətlə oxşayır mərmər başdaşılarını. Daşlar danışır zəfərin izlərindən, məzarlar mürgüləyir əbədiyyətin qoynunda, xatirələr xatırlanır könüllərin dərinliyində… Baxışlar baxışlara sataşır mərmərlərdən – kiminin gözündə sevda həsrəti donub qalıb, kiminin baxışında ana hərarəti sönməyib hələ… Gənclik gedib, əbədiyyət gəlib; ömür susub, şəhidlik dil açıb.
Qırx dörd günün qırx dörd dastanı… Hər günü bir il qədər, hər saatı bir əsr qədər… İgidlər irəli getdi, geriyə dönmədilər. “Vətən” deyə-deyə vardılar əbədiyyətə, “torpaq” deyə-deyə sarıldılar torpaqlara, “azadlıq” deyə-deyə qucaqladılar şəhadəti. İndi Şuşanın məğrur zirvəsində dalğalanan üçrəngli bayrağımız onların son nəfəslərində dillərindən düşməyən dualarının cavabıdır.
Analar ağı deyir, bacılar bayatı oxuyur, şəhid yarları şeir pıçıldayır məzar daşlarına… Göz yaşları gilə-gilə süzülür mərmərlərin sinəsindən, hıçqırıqlar həzin-həzin hopur torpağa. Amma bu ağılar adi ağı deyil – qürur qarışıq, fəxr qarışıq, izzət qarışıq… Bu göz yaşları adi yaş deyil – sevinc qarışıq, zəfər qarışıq, qələbə qarışıq…
Şəhidlər şam kimi əridilər Vətən yolunda… Şölələri şəfəq saçdı qaranlıq gecələrə, işıqları nur çilədi zülmət səhərlərə. Hər biri bir zirvədə bayraq oldu, hər biri bir səngərdə ocaq oldu, hər biri bir təpədə mayak oldu. İndi o zirvələrdən Vətən boylanır, o səngərlərdən azadlıq boylanır, o təpələrdən ləyaqət boylanır.
Qarabağın qoynunda qərar tutub şəhid ruhları… Kəlbəcərin karlı dağlarında karvan-karvan köç edir, Şuşanın sıldırım qayalarında qanad çalır, Laçının zirvələrində laçına dönüb süzür… Xarıbülbül xar olmasın deyə qan verdilər, bülbül susmasın deyə can verdilər.
Bu gün biz onlara borcluyuq… Təkcə and içməklə, söz verməklə bitməyən borc… Onların qanının axdığı hər qarışı behiştə döndərmək, ruhları dolaşan hər guşəni gülşənə çevirmək – budur bizdən umduqları, budur bizdən gözlədikləri.
Şəhidlər şəhid olmur, şəhidlər şahid olur – Vətənin şahidi, torpağın şahidi, azadlığın şahidi… Onlar hər səhər Günəşlə doğulur, hər axşam Ayla batır, hər gecə ulduz olub parlayırlar. Onların hər biri bir dastan yazdı öz qanı ilə – bəzisi bir günlük, bəzisi bir saatlıq, bəzisi bir anlıq… Amma o bir an elə bir tarix yazdı ki, əsrlər boyu oxunacaq, nəsillər boyu danışılacaq.
Hər şəhid məzarı bir and yeridir indi – Vətənə sədaqət andı, torpağa məhəbbət andı, bayrağa hörmət andı. Hər şəhid xatirəsi bir məktəbdir indi – qəhrəmanlıq məktəbi, mərdlik məktəbi, fədakarlıq məktəbi. Hər şəhid hekayəsi bir kitabdır indi – nəsillərə örnək, gələcəyə işıq, tarixə şahid…
Qoy onların ruhu rahatlıq tapsın cənnət bağlarında! Qoy onların xatirəsi yaşasın nəsildən-nəslə, əsrdən-əsrə! Çünki şəhidlik ölümün ölümsüzlüyü, sevginin sonsuzluğudur… Onlar əbədi yaşayacaqlar – torpağın bağrında, millətin yaddaşında, tarixin səhifələrində… Onlar getməyiblər, sadəcə köçüblər – torpaqdan göylərə, fanilikdən əbədiyyətə, insanlıqdan müqəddəsliyə…
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin