İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) rəhbərliyi və üzvləri ilə görüş keçirib. Görüşdə sahibkarlıq fəaliyyəti üçün daha əlverişli biznes mühitinin formalaşdırılması və dövlət–biznes əməkdaşlığının genişləndirilməsi əsas mövzular olub.Müzakirələr zamanı Orxan Nəzərli bildirib ki, sahibkarlarla davamlı və açıq dialoq vergi inzibatçılığının keyfiyyətini artırır və şəffaf iqtisadi mühitin qurulmasına xidmət edir. Onun sözlərinə görə, qarşılıqlı etimada əsaslanan bu görüşlər problemlərin vaxtında müəyyənləşdirilməsinə və qərarların daha səmərəli qəbuluna imkan yaradır.
DVX rəhbəri vurğulayıb ki, son illər vergi sistemində aparılan islahatların əsas məqsədi sahibkarlığın inkişafını stimullaşdırmaq, bərabər rəqabət şəraitini təmin etməkdir. Bu istiqamətdə elektron xidmətlərin genişləndirilməsi, prosedurların sadələşdirilməsi və biznesin ehtiyaclarına uyğun çevik idarəetmə mexanizmlərinin tətbiqi davam etdirilir.AFRA nümayəndələri isə vergi orqanlarının sahibkarlara yanaşmasında müsbət dəyişikliklərin hiss olunduğunu qeyd ediblər. Onlar aparılan islahatların pərakəndə ticarət və geyim idxalı sektorunda fəaliyyət göstərən şirkətlərin işinə müsbət təsir etdiyini vurğulayıblar.Görüş zamanı sahibkarların vergi öhdəliklərini yerinə yetirərkən üzləşdikləri praktiki məsələlər müzakirə edilib, inzibatçılığın daha da sadələşdirilməsi ilə bağlı təkliflər səsləndirilib. Tərəflər dövlət qurumları ilə biznes subyektləri arasında tərəfdaşlıq modelinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.Sonda belə dialoq platformalarının mütəmadi keçirilməsinin həm biznes mühitinin sağlamlaşdırılmasına, həm də vergi sisteminə inamın artmasına xidmət edəcəyi bildirilib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

