Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi (AIM) ilə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) arasında aqrar sahədə dövlət-özəl əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub. Tərəflər sahibkarların dəstəklənməsi, maliyyə savadlılığının artırılması və regionlarda aqrar biznesin inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyətin davam etdiriləcəyini vurğulayıblar.Müzakirələrdə qeyd olunub ki, hər iki qurumun səmərəli əməkdaşlığı çərçivəsində regionlarda keçirilən Aqrar Biznes Festivalları sahibkarlar üçün mühüm platforma rolunu oynayır. Festivallar kənd təsərrüfatı məhsullarının tanıdılması, bazara çıxış imkanlarının genişləndirilməsi və sahibkarlarla maliyyə qurumları arasında birbaşa əlaqələrin qurulmasına imkan yaradır.
Tərəflər aqrar sahədə fəaliyyət göstərən sahibkarların maliyyə savadlılığının artırılmasının vacibliyini xüsusi vurğulayıblar. Bu məqsədlə maarifləndirici tədbirlər, praktiki görüşlər, panel müzakirələr və kredit yarmarkalarının təşkili planlaşdırılır. Cari ildə ASK-in “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda təşkil edəcəyi panel müzakirələrində AIM tərəfdaş kimi iştirak edəcək.
Məlumat üçün qeyd edək ki, son illər ərzində AIM-in təşkilatçılığı ilə bölgələrdə ümumilikdə 90 Aqrar Biznes Festivalı keçirilib, onlardan 32-si 2025-ci ildə baş tutub. Ötən il keçirilən festivallarda 421 907 nəfər iştirak edib, bunlardan 38 492-si fermer, 383 415-i isə ziyarətçilər olub.
2025-ci ildə festivallar çərçivəsində ölkənin 8 iqtisadi rayonunda 14 toxum sərgi-satış yarmarkası, kredit yarmarkaları, eləcə də “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində “Bootcamp” proqramları təşkil olunub.
Tərəflər gələcəkdə birgə təşəbbüsləri daha da genişləndirəcək, festivallara və digər maarifləndirici tədbirlərə daha çox sahibkarın cəlb olunmasını təmin edəcəklər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

