Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi illik müsahibə bir daha göstərdi ki, ölkəmizin daxili və xarici siyasəti qısa müddətli konjonktural maraqlara deyil, strateji baxışa, milli maraqlara və uzunmüddətli dövlətçilik hədəflərinə əsaslanır. Dövlət başçısının vurğuladığı kimi, hər ilin əvvəlində keçirilən bu görüşlər Azərbaycan ictimaiyyəti üçün ötən ilin yekunlarını dəyərləndirmək və qarşıdakı dövrün prioritetlərini aydın şəkildə görmək baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev 2025-ci ili Azərbaycanın müasir tarixində xüsusi yer tutan, tarixi il kimi xarakterizə etdi. Məhz bu il Ermənistan–Azərbaycan münaqişəsinə siyasi nöqteyi-nəzərdən tam son qoyulmuş, Azərbaycan döyüş meydanında qazandığı möhtəşəm Qələbəni beynəlxalq siyasi müstəvidə də hüquqi-siyasi sənədlərlə möhkəmləndirmişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, müharibə və qeyri-sabitlik şəraitində yaşamış xalqımız üçün sülh dövrünə keçid yeni bir mərhələdir və cəmi bir neçə ay ərzində bu mərhələnin real faydaları artıq özünü göstərməkdədir. Cəmiyyətdə sabitliyə və təhlükəsizliyə inamın artması, iqtisadi və siyasi fəallığın yüksəlməsi bunun bariz nümunəsidir.

Müsahibədə xüsusi yer tutan mövzulardan biri Zəngəzur dəhlizinin açılması məsələsi oldu. Prezident İlham Əliyev bu layihənin artıq beynəlxalq siyasi gündəlikdə təsdiqlənmiş reallıq olduğunu, ABŞ Prezidenti tərəfindən də dəstəkləndiyini vurğuladı. Dövlət başçısının qəti mövqeyinə görə, dəhlizin adı dəyişə bilər, lakin onun mahiyyəti dəyişməz qalır: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi və regionda yeni nəqliyyat-logistika imkanlarının açılması. Bu kontekstdə Ermənistanla normallaşma prosesi çərçivəsində Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan məsələlərin böyük əksəriyyəti artıq öz həllini tapmışdır. Vaşinqtonda paraflanmış sülh sazişi və imzalanmış birgə Bəyannamə regionda uzunmüddətli sülh və sabitlik üçün mühüm siyasi zəmin yaradır. Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyması da Prezidentin müsahibəsində ətraflı təhlil edildi. Dövlət başçısı bu əlaqələrin praktik və nəticəyönümlü xarakter daşıdığını, son aylarda ABŞ-a göndərilmiş rəsmi nümayəndə heyətlərinin strateji xartiyanın hazırlanması, qarşılıqlı sərmayə qoyuluşu, iqtisadiyyat, nəqliyyat və hərbi-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm danışıqlar apardığını bildirdi. Bu proseslərin nəticəsi olaraq 2025-ci ilin Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan uğurlu il olduğu xüsusi vurğulandı.

Çinlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini Prezident İlham Əliyev mühüm diplomatik nailiyyət kimi qiymətləndirdi. Çinə dövlət səfəri zamanı imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirdi. Bununla yanaşı, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ölkəmizə olan yüksək etimadın və müstəqil siyasətin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi dəyərləndirildi. Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilmək isə Azərbaycanın regional geosiyasi rolunun artdığını açıq şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, coğrafi baxımdan Cənubi Qafqazda yerləşməyimizə baxmayaraq, Mərkəzi Asiya ölkələri ilə sıx siyasi, iqtisadi və nəqliyyat əlaqələri Azərbaycanın bu platformada tamhüquqlu üzv kimi qəbul edilməsini şərtləndirmişdir. Bu, Mərkəzi Asiya–Azərbaycan birliyinin formalaşması və regionda yeni geosiyasi konfiqurasiyanın yaranması baxımından böyük əhəmiyyət daşıyır. Dövlət başçısı nəqliyyat, logistika və bağlantı məsələlərinə xüsusi diqqət çəkərək bildirdi ki, mövcud geosiyasi şəraitdə Mərkəzi Asiyanı Qərblə birləşdirən ən etibarlı körpü məhz Azərbaycandır. Ərazimizdən keçən yüklərin həcminin sürətlə artması, enerji və rəqəmsal bağlantı layihələrinin reallaşdırılması ölkəmizin regional və qlobal əhəmiyyətini daha da artırır.

Müsahibədə təhlükəsizlik və hərbi məsələlərə də geniş yer ayrıldı. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlığın gücləndirilməsi, birgə təlimlərin keçirilməsi təşəbbüsünü irəli sürərək müasir dünyada güc, müttəfiqlik və qarşılıqlı dəstəyin həlledici amillərə çevrildiyini vurğuladı. Bu yanaşma Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və regional təhlükəsizliyə töhfə vermək məqsədi daşıyır.

İqtisadi sahədə əldə olunan nəticələr Prezidentin müsahibəsində xüsusi qürurla qeyd edildi. Xarici borcun ÜDM-in 6 faizindən bir qədər artıq olması, valyuta ehtiyatlarının borcu 16–17 dəfə üstələməsi, kredit reytinqlərinin yüksəldilməsi Azərbaycanın iqtisadi dayanıqlılığının göstəriciləridir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqildir və heç bir xarici maliyyə asılılığı yoxdur. Prezident İlham Əliyev müsahibədə bir daha bəyan etdi ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial islahatlar, maaş və pensiyaların artırılması, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısı bu siyasətin real nəticələridir. Son illərdə minlərlə şəhid ailəsinin mənzillə təmin edilməsi, müasir protezlərlə təminat və sosial infrastrukturun genişləndirilməsi Azərbaycan dövlətinin sosial məsuliyyətinin bariz nümunəsidir.

Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın sülh mərhələsinə inamla keçdiyini, regional və qlobal miqyasda təşəbbüskar mövqeyini qoruduğunu, güclü iqtisadiyyat və sosial ədalətə əsaslanan dövlət modelini ardıcıl şəkildə inkişaf etdirdiyini bir daha təsdiqlədi. Bu çıxış həm ötən ilin yekunlarına obyektiv qiymət, həm də gələcək strateji inkişaf xəttinin aydın təqdimatı kimi mühüm siyasi sənəd xarakteri daşıyır.

Samirə Adəmqızı

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir