Bu həftə İranın küçələri qəzəbin və ümidin meydanına çevrilib. Etirazlar yalnız iqtisadi narazılıqdan başlayıb, indi isə ölkə daxilində ən genişmiqyaslı hərəkatlardan birinə dönüşüb.Ən son məlumatlara görə, 50-dən çox şəhər və 25-dən çox əyalət daxil olmaqla ölkədə 170-dən çox yerdə nümayişlər davam edir, bu etirazlar il boyu ən böyük sosial hərəkatlardan birinə çevrilib. Bu hərəkatın əsas səbəbi yaşayışın ağırlaşmasıdır. İran rialı kəskin devalvasiyaya uğrayıb, inflyasiya rəsmi statistikaya görə 36-40 % ətrafındadır və əhali gündəlik xərclər, ərzaq və enerji qiymətlərinin qalxması ilə mübarizə aparır. Bu səbəbdəm bazar satıcılarından, tələbələrə qədər geniş kütlələr küçələrə axışıb.

Nümayişlər əvvəlcə təkcə Tehran bazarından başlayıb, amma indi ölkənin qərb və cənub bölgələrinə də yayılıb. İnsanlar küçələrdə “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Bu il qan ilidir, Seyid Əli devriləcək!” kimi şüarlar səsləndiriblər. Bu ifadələr etirazın artıq iqtisadi narazılığın sərhədlərini aşaraq siyasi etirazlara çevrildiyini göstərir.

Qeyri-hökumət insan haqları qruplarının məlumatına görə, həftə ərzində azı 16 nəfər həyatını itirib və yüzlərlə insan, təxminən 500-dən çox etirazçı həbs edilib. Bir çox bölgədə təhlükəsizlik qüvvələri tərəfindən açılan atəş nəticəsində çoxsaylı yaralanmalar da qeyd olunub.

Bəzi mənbələr həlak olanların sayını daha da yüksək hesablasa da, tam dəqiq rəqəmlər hələ də müəyyən deyil. Məsələn, ayrı-ayrı hüquq müdafiə təşkilatları 18 adamın öldüyünü iddia edir, onlardan bəziləri 15 yaşlı yeniyetmə də daxil olmaqla gənclərdir.

Etirazların dinamikası da dəyişib. Bazar satıcılarının və işçilərin iş dayandırması ilə başlayan hərəkat indi universitet tələbələrinin, məhəllə sakinlərinin və daha geniş ictimai dəstəyin qatıldığı geniş xalq üsyanına çevrilib. Güney-qərb şəhərlərində etirazçılar küçələri bağlayıb, zibilləri alışdıraraq hərəkəti dayandırıblar və bu, hətta bəzi ərazilərdə təhlükəsizlik qüvvələri ilə qısa atışmalara da gətirib çıxarıb.

Rəsmi Tehran isə bu dalğaya qarşı sərt mövqe saxlayır. Ali rəhbər Ayətullah Əli Xamenei bir çıxışında etirazçıların iqtisadi tələbini “tamamilə haqlı” adlandırsa da, onları “fitnəkarlar” adlandıraraq sərt tədbirlər ilə sərt şəkildə nəzarət altına alınmalı olduğunu açıqlayıb. Bu bəyanat bir çoxları üçün vəziyyətin daha da gərginləşəcəyinə dair siqnal oldu.

Bu etirazlar təkcə küçə səhnəsi deyil, bu, İran cəmiyyətinin dərin iqtisadi çətinliklərə verdiyi cavabdır. Şüarlar artıq sadəcə qiymət artımlarına qarşı deyil, daha geniş siyasi və sosial dəyişiklik arzusunu ifadə edir. Və bu səslər, gah “diktatora ölüm!”, gah da “Seyid Əli devriləcək!” kimi kəskin ifadələrlə yükləndikcə, bu hərəkatın sadə iqtisadi boydan çox tarixi bir dönüş nöqtəsi olması ehtimalı görsənir.

Kamran Nəsirli 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir