Həyat boyu insanlar xoşbəxtliyi axtarırlar. Kimisi onu var-dövlətdə, kimisi sevgidə, kimisi karyerada tapmağa çalışır. Amma insan nə qədər axtarsa da, tam xoşbəxt olan birini tapa bilməz. Çünki bu dünyada xoşbəxt insan yoxdur, sadəcə xoşbəxt anlar var.
İnsan gülsə də, gözəl günlər yaşasa da, həyat ona gec-tez itkilərini xatırladır. Doğmaların bir-bir dünyadan köçdükcə qəlbində yaranan boşluğu heç nə doldura bilmir. Bir vaxtlar birlikdə olduğun, hər gün gördüyün insanlar artıq yoxdur. Onların yoxluğu zamanla adi hala çevrilsə də, içində bir boşluq qalır.
Uşaqlıqda hər şey fərqli görünür. İnsan elə bilir ki, ömür uzun, doğmalar əbədi, dostlar həmişə yanımızda olacaq. Amma zaman keçdikcə anlayırsan ki, həyatın ən ağır yükü sevdiklərini bir-bir itirməkdir. Bir gün atan yox olur, başqa gün anan, sonra dostların, qohumların… Həyat davam edir, amma heç nə əvvəlki kimi olmur.
İnsan hər dəfə birinin ölüm xəbərini eşidəndə təsirlənir. Bir anlıq düşünür ki, həyat qısadır, dəyərini bilmək lazımdır. Amma bir müddət sonra yenə eyni qayğılar, eyni mübahisələr, eyni tamah… Sanki heç nə baş verməmiş kimi yaşayırıq. Halbuki bizə elə bu ayrılıqlar dərs olmalıdır.
Dünyada hər şey keçicidir. Bu gün yanımızda olanlar sabah olmaya bilərlər. Amma biz bunu bilə-bilə bir-birimizi incitməkdən əl çəkmirik. Hər kəs var-dövlət üçün yarışır, dünya malının arxasınca qaçır. Halbuki insan dünyadan köçəndə özü ilə heç nə aparmır. Arxasında yalnız xatirələr, insanlar üçün etdikləri qalır.
Ən acısı da odur ki, insan sağ olanda onu axtarmırıq, dəyər vermirik. Amma vəfat edəndə qəfil yadımıza düşür. Onun haqqında yaxşı danışırıq, nələr etdiyini xatırlayırıq, peşmanlıq hissi keçiririk. Halbuki o, sağ olanda bu sözlərə, bu diqqətə daha çox ehtiyacı var idi. Amma biz bunu görməzdən gəlirik.
Nə qədər gec deyil, sevdiklərimizə vaxt ayıraq. Onlara xoş sözlərimizi sağlıqlarında deyək. Onları qiymətləndirmək üçün itirməyi gözləməyək. Çünki bu həyatın qaydası dəyişmir: insan doğulur, yaşayır, sonra isə dünyadan köçür. Qalan isə yalnız yaşanan xoşbəxt anlardır…
Tural Qoca
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

