Fəxriyə xanım mənim üçün sadəcə bir dayı qızı deyildi; o, mənim bacım, yolumun işığı, çətin anlarımda üz tutduğum sirdaşım olub.
Hər dəfə həyatın daşlı-kəsəkli yollarında azdığımda, Fəxriyə xanımın yanına getmişəm. O, dinləmiş, mənə öz həyat təcrübəsindən süzülmüş məsləhətlərini vermiş, yolumu işıqlandırmışdır. Hətta yalnız mənim yox, bütün ailəmizin, bütün nəslimizin fəxridir o.
Fəxriyə xanım özünəməxsus duruşu, dəyanəti və incə ruhu ilə seçilib. Ətrafındakıların bilmədiyi nə qədər insanın əlindən tutub, onlara kömək edib. Onun etdiyi yaxşılıqların çoxuna özüm şəxsən şahid olmuşam. Fəxriyə xanım heç vaxt etdiyi xeyirxahlığı göz önünə çıxarmayıb; o, səssiz-sədasız, tam səmimiyyətlə insanların həyatına işıq saçıb.
Neçə tələbənin təhsilinə dəstək olub, neçə gəncin həyat yolunu düzəltməsinə yardım edib. İmkanları daxilində həm maddi, həm də mənəvi dəstəyini əsirgəməyib. Onun ürəyindəki insanlıq, mərhəmət və böyüklük onu daim təravətli, daim gənc saxlayır.
Moda dünyasında yaratdığı yeniliklər, etdiyi inqilablar onu Azərbaycanın moda tarixinə qızıl hərflərlə yazıb. Ona boş yerə “moda ikonu” demirlər. O, bu ada əməyi ilə, sevgisi ilə, bacarığı ilə layiq olub.
Fəxriyə Xələfovanın Həyatı və Yaradıcılığı
Fəxriyə Rafiq qızı Xələfova 31 dekabr 1969-cu ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, məşhur Xələfbəyovlar nəslindəndir. Atası Rafiq Xələfov 1979–1989-cu illərdə Azərbaycan SSR-in Avtomobil yollarının istismarı və tikintisi naziri olmuşdur. Anası Rəfiqə Əliyeva isə kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordeni laureatı və əməkdar elm xadimidir .
Fəxriyə xanım təhsilini Bakı Dövlət Universitetində insan beyninin neyrofiziologiyası ixtisası üzrə almış, daha sonra Azərbaycan Elmlər Akademiyasında psixologiya ixtisası üzrə aspiranturanı bitirmişdir. Təhsilini Türkiyədə davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir .
1998-ci ildən peşəkar modelyer kimi fəaliyyət göstərən Fəxriyə Xələfova, “Sirr”, “Neft ilahəsi”, “Ays”, “Ümid ritmləri” kimi moda kolleksiyalarını Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirmişdir. O, “EKSPO-2000” Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur. 2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamış, 2015-ci ildə dosent elmi dərəcəsi almışdır. Hal-hazırda “Fakhriya Khalafova” Moda və dizayn mərkəzinin rəhbəridir .
2017-ci ildə Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Ermitajının direktoru Mixayil Piotrovski ilə Fəxriyə Xələfova arasında, dizaynerin kolleksiyasına məxsus 3 libasın Ermitaj muzeyinin kostyum qalereyasının fonduna keçməsi barəsində saziş imzalanmışdır .
2018-ci ildə Özbəkistan Respublikasına səfəri zamanı Özbəkistan Dövlət Tətbiqi İncəsənət Muzeyinə və şəxsi kolleksiyasından olan özbəkistan ipəyindən hazırlanmış libasları hədiyyə etmişdir .
Bu gün isə Fəxriyə xanımın doğum günüdür. Bu münasibətlə onu ürəkdən təbrik edirəm. Arzu edirəm ki, üzündəki təbəssüm, qəlbindəki işıq heç zaman solmasın. Onun gözəlliyi yalnız zahirində deyil, ruhunun saf və nurlu olmasındadır.
Mənim üçün o, yer üzünə enmiş bir mələkdir. Onun varlığı, onun sevgisi mənim üçün ölçüyəgəlməz dəyərdir. Birlikdə iştirak etdiyimiz tədbirlər, birgə keçirdiyimiz anlar, çiyin-çiyinə getdiyimiz yollar mənim üçün unudulmaz bir xəzinədir.
Fəxriyə xanım qohum kimi də, yoldaş kimi də, insan kimi də əvəzsizdir. Mənim üçün sadəcə bir ailə üzvü deyil, həyatımın ən dəyərli parçalarından biridir.
Bu hekayə bir təşəkkür, bir sevgi, bir minnətdarlıq sözüdür:
Sənə görə, Fəxriyə xanım!
Tural İbrahimov
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

