Pirallahı rayonunda mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində görülmüş işlərin qiymətləndirilməsi və qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi məqsədilə geniş tərkibli rayon müşavirəsi təşkil olunub. Müşavirə Pirallahı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəzir Səfixanov, FHN Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik İlqar Səfərov, mərkəzin əməkdaşları, eləcə də rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak ediblər.
Müşavirədə çıxış edən Vəzir Səfixanov 2025-ci ildə rayon üzrə mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində həyata keçirilmiş tədbirlər, həmçinin 2026-cı ildə qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib. O bildirib ki, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, mülki müdafiənin təşkili rayon İcra Hakimiyyətinin daimi diqqət mərkəzində saxlanılıb və aidiyyəti qurumlarla səmərəli qarşılıqlı əməkdaşlıq təmin edilib.
Qeyd olunub ki, rayon ərazisində baş verə biləcək zəlzələ, yanğın, daşqın, infeksion xəstəliklər və digər fövqəladə halların nəticələrinin operativ aradan qaldırılması, eləcə də idarə, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi və mülki müdafiə tədbirlərinə nəzarətin gücləndirilməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları əsasında Fövqəladə Hallar Komissiyası, ərazi mülki müdafiə qüvvələri və xidmətləri yaradılıb.
Rayonun idarə və təşkilatlarında mülki müdafiə tədbirlər planlarına uyğun olaraq əhalinin və işçilərin maarifləndirilməsi, mülki müdafiə biliklərinin artırılması, mümkün fövqəladə hadisələr zamanı qüvvələrin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb. İllik planlara və normativ sənədlərə əsasən, mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində müvafiq tədbirlərin icrası təmin olunub.
Daha sonra mövzu ətrafında FHN Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik İlqar Səfərov, FHN-in Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Vüsal Fətullayev, 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini daxili xidmət polkovnik-leytenantı Ramil Haqverdiyev, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin inspektoru polis leytenantı Nurlan Hüseynov, 51 nömrəli Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Elton Nəsibov və digər qurum nümayəndələri çıxış ediblər.
Çıxışlar zamanı məişətdə yanğın təhlükəsizliyi qaydaları, dəm qazından qorunma yolları, odsöndürən balonlardan düzgün istifadə, enerji və qaz təsərrüfatının mövcud vəziyyəti, yaşayış binalarında yanğın təhlükəsizliyi, fövqəladə hadisələr zamanı ilkin tibbi yardımın təşkili və ictimai asayişin təmin olunması ilə bağlı geniş müzakirələr aparılıb.
Müşavirə qarşıda duran vəzifələrin dəqiqləşdirilməsi və qurumlararası əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələrlə yekunlaşıb.






© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

