Bu günkü müasir, güclü, qüdrətli Azərbaycan dövlətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərimizin uzaqgörən, müdrik, qətiyyətli siyasəti sayəsində dövlətimiz tarixin ən ağır sınaqlarından keçərək mükəmməl dövlətçilik prinsiplərinə sahib olub. Azərbaycanı böyük tərəqqiyə və inkişafa aparan əsas amillərdən biri də Ali Qanun olan Konstitusiyamızın hazırlanması və qəbul edilməsidir. 1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiyamızın ən ali məqsədi vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasıdır və ulu öndər hər zaman bu ideyanı rəhbər tutmuşdu. Heydər Əliyevin dahiliyini səciyyələndirən xüsusiyyətlərdən biri də onun olduqca humanist olması, hər bir Azərbaycan vətəndaşına qayğı ilə yanaşması olub. Ulu öndərimizin təşəbbüsü ilə ölüm hökmü ləğv edilmiş və onun tərəfindən qəbul edilmiş 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilmişdir.
Prezident cənab İlham Əliyev də formalaşmış və ənənəyə çevrilmiş bu humanist əməlləri davam etdirir. Ölkə başçımızın imzaladığı amnistiya aktları və əfv sərəncamları sayəsində 10 minlərlə məhkum olunmuş vətəndaşlarımız azadlığa qovuşmuş, minlərlə Azərbaycan ailəsinə böyük sevinc və xoşbəxtlik bəxş edilmişdir.
Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də Milli Məclis tərəfindən “8 noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edilmişdir ki, bu da Azərbaycanın dövlət siyasətində öz vətəndaşlarının azadlığına, ləyaqətinə hörmətin bariz nümunəsi idi. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik ili”elan edilmişdir və bu münasibətlə ölkə başçımızın 15 dekabr 2025-ci ildə amnistiya təşəbbüsünü irəli sürməsi humanizm və mərhəmət ənənələrinə sadiq qalmasının sübutudur. Bu amnistiya aktı müstəqilliyimizin tarixində ən böyük sənəddir. Belə ki, bu akt 20 mindən çox şəxsə şamil olunacaq.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətdə böyük xidmətləri də xüsusi qeyd olunmalıdır. Milli Məclisin deputatı olarkən, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 4 dəfə amnistiya aktı qəbul edilmişdir. Mehriban xanım Əliyevanın bu addımı onun görkəmli ictimai-siyasi xadim olmaqla yanaşı qayğıkeş, nəcib bir Azərbaycan xanımı olduğunu təsdiqləyir.
Ümid edirəm ki, əfv olunanların hər biri dövlətimizin, dövlət başçımızın onlara göstərdiyi bu humanist addımı layiqincə qiymətləndirəcək və dövlətimizə xidmət edən layiqli vətəndaşlar olacaqlar.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir