Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 16-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.Görüşdə Azərbaycan ilə Rusiya Federasiyasının regionları arasında, xüsusilə Həştərxan vilayəti ilə formalaşmış qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilib. Tərəflər bu əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Danışıqlar zamanı ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika imkanlarından daha səmərəli istifadə, eləcə də mədəni-humanitar və təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri diqqət mərkəzində olub.
Qeyd olunub ki, Həştərxan vilayətinin dəstəyi ilə Qubadlı rayonunda uşaq bağçasının inşası regional əməkdaşlığın uğurlu nümunələrindən biridir.
Görüş çərçivəsində “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər, həmçinin Xəzər dənizində müşahidə olunan dayazlaşma probleminə dair fikir mübadiləsi aparılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

