Azərbaycan Respublikası beynəlxalq kapital bazarlarına çıxışı daha da gücləndirmək, borclanma prosedurlarını optimallaşdırmaq və ölkəyə olan maliyyə etimadını artırmaq məqsədilə beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq formatında yeniliklər edib. Maliyyə Nazirliyinin məlumatına görə, ölkəmiz 2000-ci ildən etibarən aparıcı üç kredit reytinq agentliyi – “Fitch Ratings”, “S&P Global Ratings” və “Moody’s Ratings” ilə işləyir.
Bu illər ərzində Azərbaycan həm rəsmi müqavilə əsasında ödənişli, həm də “unsolicited rating” formatında ödənişsiz qiymətləndirmələr alıb. Beynəlxalq praktikaya uyğun olaraq son 5 ildə ölkənin suveren reytinqi iki agentlik (“Fitch” və “S&P”) tərəfindən ödənişli əsaslarla, “Moody’s” tərəfindən isə müqaviləsiz olaraq qiymətləndirilib.
Müsbət iqtisadi meyllərin fonunda Azərbaycanın kredit reytinqi ardıcıl şəkildə yüksəlib. 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s” ölkənin suveren reytinqini investisiya dərəcəsinə – müvafiq olaraq “BBB-” və “Baa3” səviyyəsinə qaldırıb. Agentliklər eyni zamanda Azərbaycan üzrə proqnozu “stabil” və “müsbət” kimi qiymətləndiriblər.
Reytinq artımının əsas səbəbləri kimi aşağı dövlət borcu, güclü fiskal mövqe, xarici valyuta ehtiyatlarının əhəmiyyətli artımı, həmçinin iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlığı göstərilib.
Nazirlik bildirir ki, beynəlxalq təcrübəyə uyğun olaraq növbəti dövrdə rəsmi müqavilə üzrə ödənişli əməkdaşlıq yalnız iki aparıcı agentliklə – “Fitch Ratings” və “Moody’s Ratings” ilə davam etdiriləcək. “S&P Global Ratings” isə ölkəni müqaviləsiz – yəni ödənişsiz formatda qiymətləndirməyə davam edəcək.
Maliyyə Nazirliyi vurğulayıb ki, qarşıdakı illərdə də Azərbaycanın iqtisadi nailiyyətlərinin suveren kredit reytinqlərində dolğun əks olunması üçün aparıcı beynəlxalq agentliklərlə əməkdaşlıq davam etdiriləcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

