Son günlər sosial şəbəkələrdə sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suada Qarayevanın məşhur Azərbaycan şairi Məhsəti Gəncəvi haqqında çəkdiyi “Məhsəti” filmi ciddi müzakirələr doğurub. Bunun əsas səbəbi filmdə tarixi şəxsiyyətin obrazının təhrif olunması, onun yaradıcılığına və mənəvi irsinə zidd səhnələrin yer almasıdır.

Bakı Film Festivalında nümayişinə qadağa qoyulması və filmin lisenziya almaması da təsadüfi deyil. ARKA-nın Bədii Şurası ekran işində etik-normativ qaydaların pozulmasını, konseptual uyğunsuzluqları və xüsusilə də Məhsəti Gəncəvi kimi milli-mədəni dəyərimizin erotik çalarlarla təqdim edilməsini əsas gətirərək filmə icazə verməyib. Qərar birmənalı qarşılanmasa da, cəmiyyətdəki narahatlıq ortaqdır: tarixi şəxsiyyətə bu cür yanaşma nə qədər doğrudur?

Məhsəti Gəncəvi təkcə qadın şair kimi deyil, XI–XII əsr Azərbaycan ədəbi mühitinin parlaq simalarından biri olaraq milli kimliyimizin mühüm hissəsidir. Onun qəzəlləri, rübailəri və yaradıcılıq xətti Azərbaycan poeziyasının inciləri sırasındadır. Belə bir şəxsiyyətin həyatını və yaradıcılığını ekrana gətirmək isə yalnız yaradıcı fantaziya deyil, həm də ciddi elmi, tarixi və mədəni məsuliyyət tələb edir.

Bu məqamda haqlı sual ortaya çıxır: Məhsəti Gəncəvinin obrazını şəxsi baxışlarla təhrif edib onu erotik səhnələrlə təqdim etmək Suada Qarayevaya hansı əsasla “sənət azadlığı” kimi haqq qazandıra bilər?

Narahatlıq yaradan təkcə filmin özü deyil, həm də onun “müasirlik” və “yaradıcılıq” adı altında müdafiə edilməsidir. Tarixi şəxsiyyətləri reallıqdan uzaqlaşdırmaq, onların mənəvi irsini kölgəyə salmaq nə sənətkarlıqdır, nə yenilikçilik, nə də azərbaycançılıq. Milli dəyərlərin qorunması yalnız dövlət qurumlarının deyil, hər bir yaradıcı insanın mənəvi borcudur.

Məhsəti Gəncəvinin erotik qadın obrazına çevrilməsi nə onun yaradıcılığına uyğundur, nə də onun adını daşıyan mədəni irsə. Bu cür yanaşma həm tarixi təhrif edir, həm də cəmiyyətdə haqlı narazılıq yaradır.

Tarixi şəxsiyyətlər haqqında film çəkmək böyük məsuliyyət tələb edir. Bu məsuliyyət isə sənətçinin şəxsi fantaziyasından daha çox, milli-mənəvi dəyərlərə, tarixi həqiqətə və cəmiyyət yaddaşına hörmətlə bağlıdır.

“Məhsəti” filmi ətrafında yaranan narazılıq cəmiyyətin mənəvi dəyərlərə nə qədər həssas olduğunu göstərir. Bu həssaslıq qorunmalı, gələcəkdə bu kimi layihələrdə tarixi şəxsiyyətlərə daha ehtiyatlı və məsuliyyətli yanaşılmalıdır.

Savalan Talıblı

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir