Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölməsinin rəhbəri, professor Qafar Çaxmaqlı, yenifikir.media üçün “907-ci qətnamənin qüvvədən düşməsi Azərbaycan–ABŞ münasibətlərinə və Cənubi Qafqazdakı güc balansına necə təsir göstərə bilər?” sualına geniş və maraqlı cavab verib.

907-ci düzəliş, ABŞ Konqresinin Azadlığa Dəstək Aktı çərçivəsində qəbul olunmuş və SSRİ-nin dağılmasından sonra yaranan müstəqil dövlətlərə ABŞ-ın dəstəyini təmin etmək məqsədi daşıyırdı. Lakin 1990-cı illərdə Azərbaycan Ermənistanı blokada altında saxladığı üçün bu düzəlişdə Azərbaycan üçün yardımlar qadağan edilmişdi. Zamanla, 907-ci düzəliş bir çox müzakirələrin mövzusu olub, 2001-ci ildə ABŞ-da terror hadisələri ilə əlaqədar Azərbaycanın terrora dəstəyi iddiaları səbəbindən dondurulmuşdu.

Azərbaycanın ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində bu məsələyə diqqət çəkərək 907-ci düzəlişin aradan qaldırılması üçün göstərdiyi səylər uzun müddət erməni lobbi qüvvələri və bəzi ABŞ konqresmenləri tərəfindən təzyiq vasitəsi kimi əngəllənirdi. Ancaq indi, sülh prosesinin sürətləndiyi bir vaxtda 907-ci düzəlişin qüvvədən düşməsi Azərbaycan diplomatiyasının mühüm nailiyyəti kimi qiymətləndirilir. Bu addım artıq gündəmdən çıxarılır və onun nəticəsində ABŞ-la Azərbaycan arasında hərbi və siyasi əməkdaşlıq yeni səviyyəyə qalxa bilər.

Bu dəyişikliklər Azərbaycanın ABŞ-dan birbaşa hərbi və iqtisadi yardımlar almasına, müasir silah və sursat tədarükünə imkan verəcək. Həmçinin, bu, yalnız 907-ci düzəlişlə məhdudlaşmayaraq, digər sahələrdə də əməkdaşlığın genişlənməsinə yol açacaq. Hazırda ABŞ, Azərbaycan və Ermənistan rəhbərlərinin ortaq razılaşma bəyanatları sülh prosesinin davam etdiyini göstərir ki, bu da bölgədə yeni imkanların yaranmasına səbəb olur.

Cənubi Qafqazda güc balansının dəyişməsi də bu prosesin əhəmiyyətli hissəsidir. Ermənistan müdafiə qabiliyyətini artırmaq üçün müxtəlif ölkələrdən, o cümlədən ABŞ-dan silah almağa çalışır. Mətbuat məlumatlarına görə, Bayden administrasiyasının son dövründə Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq sənədi imzalanıb və bu əməkdaşlıq Tramp dövründə də davam etdirilə bilər. Buna baxmayaraq, Azərbaycan bu prosesdə öz mövqeyini gücləndirərək bölgədə sülh və sabitliyin qorunması üçün mühüm diplomatik təşəbbüslər irəli sürür.

Professor Qafar Çaxmaqlının fikrincə, 907-ci düzəlişin aradan qalxması yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün uzunmüddətli sülh və stabilliyin təminatıdır. Azərbaycan və ABŞ arasındakı münasibətlərin inkişafı, Ermənistanın da sülh prosesinə cəlb olunması üçün önəmli zəmin yaradacaq. Bu, bölgədə güc balansının yenidən tənzimlənməsi və diplomatik səylərin artırılması üçün yeni imkanlar açır. Nəticədə, 907-ci düzəlişin qüvvədən düşməsi Cənubi Qafqazda dayanıqlı barışın və sabitliyin əsasını qoyan mühüm addımlardan biri kimi tarixə düşəcək.

Süheyə Məhərrəmova

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir