Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında növbəti ilin sosial siyasət istiqamətləri ilə bağlı mühüm detallar açıqlanıb. Məlum olub ki, 2026-cı ildə sosial ödənişlər üçün ayrılacaq vəsaitlər əvvəlki illərlə müqayisədə rekord həddə çatacaq.Nazir Anar Əliyev bildirib ki, son illər ardıcıl şəkildə icra edilən sosial islahatlar ölkədə sosial təminat sisteminin keyfiyyətcə yeni mərhələyə keçməsinə imkan verib. Onun sözlərinə görə, 2018-ci ildən bəri həyata keçirilən beş sosial paket əhalinin sosial rifahına ciddi təsir göstərib və bu proses 2026-cı ildə də davam etdiriləcək.
Nazirliyin məlumatına əsasən, gələn il pensiya təminatı üçün ayrılacaq vəsait 7 milyard 993 milyon manat olacaq ki, bu da cari illə müqayisədə 782,4 milyon manat çoxdur. Sosial müavinətlər, təqaüdlər və digər ödənişlər üçün nəzərdə tutulan məbləğ isə 2 milyard 144 milyon manatdır – bu da əvvəlki ildən 178,5 milyon manat artıqdır.
İclasda işğaldan azad olunan ərazilərdə məşğulluq sahəsində aparılan işlər də diqqətə çatdırılıb. Hazırda həmin bölgələrdə 7241 nəfərin məşğulluğu təmin olunub, bu il Kəlbəcər və Füzuli rayonlarında yeni DOST məntəqələri açılıb.
Nazirlik qadın əməyinin stimullaşdırılması ilə bağlı görülən işlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini qeyd edib. Dünya Bankı və BVF-in 2025-ci il Yaz İclasında Azərbaycanın son illər qadınların əmək bazarına inteqrasiyası üzrə həyata keçirdiyi islahatlar nümunə kimi təqdim olunub. Həmçinin Beynəlxalq Əmək Təşkilatı ilə “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb.
Toplantıda əlilliyi olan şəxslərə dair qanunvericiliyin yenilənməsi, sosial müdafiə mexanizmlərinin genişləndirilməsi və uşaq himayəsi sahəsində görülən işlər haqqında da məlumat verilib. Bu il 138 uşaq övladlığa verilib, himayədar ailələrə verilən uşaqların sayı isə 57-yə çatıb. Nazirliyin hazırladığı 100 yeni peşə və kvalifikasiya standartının da təsdiqləndiyi bildirilib.
Kollegiya iclasında gələn ilin sosial siyasət prioritetləri, kadr islahatları, rəqəmsal həllərin tətbiqi və ictimaiyyətlə əlaqələr üzrə planlar da müzakirə edilib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

