2025-ci ildə innovativ yanaşmaları, ixracyönümlü fəaliyyəti, investisiya təşəbbüsləri və məşğulluğa verdikləri töhfə ilə seçilən 17 biznes subyektinə “Dayaq” mükafatı təqdim edilib.İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesindir” devizi altında keçirilən mükafatlandırma mərasimində 300-dən çox sahibkar, startap nümayəndəsi, biznes assosiasiyaları, millət vəkilləri və dövlət qurumlarının təmsilçiləri iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında sahibkarlığın yeni iş yerlərinin yaradılmasında və rifahın yüksəlməsində əsas rol oynadığını vurğulayıb. O bildirib ki, 2018–2025-ci illərdə əmək müqavilələrinin sayı 45% artıb və artımın böyük hissəsi özəl sektorun payına düşüb. Həmin dövrdə 2,1 milyondan çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev isə qeyd edib ki, aparılan islahatlar nəticəsində ölkədə biznes mühiti yaxşılaşıb, qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 70%-i ötüb, qeyri-neft ixracı isə son altı ildə təxminən iki dəfə artıb. Hazırda özəl sektorun iqtisadiyyatda payı 81,4% təşkil edir.

Tədbirdə həmçinin Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların iqtisadi inkişafda rolundan danışıb.

Sahibkarlar “İlin investoru”, “Uğurlu qadın sahibkar”, “İnnovativ həllər”, “Fəal ixracatçı şirkət”, “Ekoloji məsuliyyət”, “Uğurlu startap”, “Kənd təsərrüfatında uğur”, “Azad olunmuş ərazilərdə uğurlu biznes” və digər 17 nominasiya üzrə mükafatlandırılıblar.

Mərasim çərçivəsində “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirə keçirilib, eyni zamanda KOBİA-nın 7-ci qrant müsabiqəsinin qalibləri təqdim olunub. Bu müsabiqə üzrə 30 layihəyə 525 min manat qrant ayrılıb. Ümumilikdə indiyədək KOB-ların 129 layihəsinə 2,2 milyon manatdan çox dəstək verilib.

Qeyd edək ki, “Dayaq” mükafatı 2022-ci ildən təqdim olunur və məqsədi sahibkarların uğurlarını tanıtmaq, biznes düşüncəsini təşviq etmək və dövlət–özəl sektor əməkdaşlığını gücləndirməkdir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir