2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə göstərilən sosial dəstək əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Dövlət büdcəsi hesabına müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üçün ayrılan vəsait ötən illə müqayisədə 173 milyon manat çox olmaqla 2 milyard 376 milyon manata çatıb.
Nazirliyin məlumatına görə, sosial ödənişlər yüz minlərlə vətəndaşı əhatə edib. Belə ki, müavinətlər üzrə 529 min nəfərə ümumilikdə 1,2 milyard manat ödənilib. Prezident təqaüdləri istiqamətində isə 407 min nəfər 756 milyon manat vəsaitlə təmin olunub.
Ünvanlı dövlət sosial yardımı proqramı da genişlənib. Bu xətt üzrə 76 min ailə, yəni 336 min ailə üzvü olmaqla, ümumilikdə 420 milyon manat sosial yardım alıb.
Rəqəmlər göstərir ki, 2025-ci ildə həyata keçirilən sosial proqramlarla 1 milyon 272 min nəfər dövlət tərəfindən maliyyə dəstəyi ilə əhatə olunub. Bu da əhalinin sosial rifahının gücləndirilməsi və həssas qrupların qorunması istiqamətində atılan addımların davamlı xarakter daşıdığını göstərir.
Mütəxəssislər hesab edirlər ki, sosial ödənişlərin həcminin artırılması və əhatə dairəsinin genişlənməsi xüsusilə aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfə verir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

